Rəşad Tağıyev Beynəlxalq Ailə Günündə şəhid anasını 80 illik yubileyi münasibətilə ziyarət edib
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Beynəlxalq Ailə Günündə şəhid anası Zemfura Vəliyevanı 80 illik yubileyi münasibətilə yaşadığı evdə ziyarət edib, ona səmimi təbriklərini və xoş arzularını çatdırıb.
Görüş zamanı Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ailənin keçdiyi şərəfli və qürurlu həyat yolundan bəhs edilib. Bildirilib ki, Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman övladlarını və onların ailələrini daim yüksək ehtiram və minnətdarlıq hissi ilə anır.
Rəşad Tağıyev qeyd edib ki, 15 May – Beynəlxalq Ailə Günü dünyada ailə dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ailələrin sosial rifahının yüksəldilməsi, milli-mənəvi dəyərlərin qorunması və sağlam ailə institutunun möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
İcra başçısı şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb, onların istək və təkliflərini dinləyib, Zemfura Vəliyevanı yubileyi münasibətilə bir daha ürəkdən təbrik edib.
Göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edən Zemfura Vəliyeva dövlət tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğının hər zaman hiss olunduğunu bildirib. O qeyd edib ki, Prezident cənab İlham Əliyevin şəhidlərimizlə bağlı çıxışlarında səsləndirdiyi fikirlər hər bir şəhid ailəsi kimi onu da qürurlandırır və təsirləndirir.
Qeyd edək ki, Zemfura Vəliyevanın oğlu İsə Vəliyev I Qarabağ müharibəsi şəhidi, digər oğlu Rövşən Vəliyev isə I Qarabağ qazidir. Həmçinin nəvəsi Rəşad Yusubov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb, digər iki nəvəsi isə Vətən müharibəsi veteranıdır.






