Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda yerfındığı yığımı aparılan sahələrdə fermerlərlə görüş keçirildi, Dövlət Proqramı barədə məlumat verildi

20 noyabr 2026 | 17:52
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayon ərazisində yerləşən yerfındığı əkin sahələrinə baxış keçirib, təsərrüfatlarda aparılan məhsul yığımı prosesi ilə tanış olub.
Sahələrdə olarkən əkinlərin vəziyyəti, yetişdirilən məhsulun keyfiyyəti, məhsuldarlıq göstəriciləri və yığım işlərinin təşkili barədə məlumat verilib. Fermerlərlə söhbət zamanı onların təsərrüfat təcrübəsi, istehsal prosesində tətbiq etdikləri aqrotexniki üsullar, mövcud imkanlar və qarşılaşdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər Dövlət Proqramı”nın əsas hədəfləri barədə fermerlərə ətraflı məlumat verilib. Aqrar sektorun inkişafı, istehsalın genişləndirilməsi, məhsuldarlığın yüksəldilməsi və kənd təsərrüfatı məhsullarının emal imkanlarının artırılması ilə bağlı müəyyən edilmiş prioritetlər diqqətə çatdırılıb. Eyni zamanda, dövlət tərəfindən aqrar sahədə fəaliyyət göstərən istehsalçılar üçün yaradılan dəstək mexanizmləri və imkanlardan yararlanma qaydaları izah olunub.
Rayon rəhbəri söhbət zamanı dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində fermerlərin fəal iştirakının, mövcud resurslardan düzgün istifadənin və müasir aqrotexniki yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, yerfındığı (araxis) paxlalılar fəsiləsinə aid olan, həm qida, həm də sənaye əhəmiyyəti daşıyan kənd təsərrüfatı bitkisidir. Bu bitkinin becərilməsi aqrar istehsalın şaxələndirilməsi, yerli məhsul çeşidlərinin artırılması və fermer təsərrüfatlarının iqtisadi imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətlidir.
Şəmkir rayonunda kənd təsərrüfatının müxtəlif istiqamətlərinin inkişaf etdirilməsi, torpaq və su ehtiyatlarından səmərəli istifadə olunması, istehsal potensialının artırılması və fermerlərin fəaliyyətinə dəstək göstərilməsi istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.
Keçidlər