Rayonumuzda üzüm bağlarına baxış keçirildi, fermerlər Dövlət Proqramı barədə məlumatlandırıldı.
02 oktyabr 2026 | 11:31
Şəmkir rayonunda kənd təsərrüfatının inkişafı, müasir texnologiyaların tətbiqi və fermer təsərrüfatlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Aqrar sahədə mövcud potensialdan səmərəli istifadə, məhsuldarlığın artırılması və təsərrüfatların müasir tələblərə uyğun qurulması diqqətdə saxlanılır.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonda fəaliyyət göstərən təsərrüfatlarda fermerlərlə mütəmadi görüşlər keçirir, onların təklif və müraciətlərini dinləyir. Bu məqsədlə növbəti baxış üzümçülük təsərrüfatında keçirilib. İcra başçısı üzüm bağlarında görülən işlərlə tanış olub, təsərrüfat sahibləri ilə görüşüb. Görüşdə üzümçülüyün inkişaf perspektivləri, məhsuldarlığın artırılması, müasir aqrotexniki tədbirlərin tətbiqi və mövcud imkanlardan səmərəli istifadə məsələləri müzakirə edilib.
Fermerlərə kənd təsərrüfatının inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının əsas istiqamətləri və yaratdığı imkanlar barədə məlumat verilib. Bildirilib ki, Proqramda rəqabətqabiliyyətli və intensiv istehsalın genişləndirilməsi, məhsuldarlığın artırılması, innovativ texnologiyaların tətbiqi, su və torpaq ehtiyatlarından səmərəli istifadə, emal və ixrac yönümlü istehsalın inkişafı, həmçinin aqrar xidmətlərə çıxışın genişləndirilməsi ilə bağlı mühüm tədbirlər nəzərdə tutulub.
Qeyd olunub ki, Dövlət Proqramı Şəmkir kimi yüksək kənd təsərrüfatı potensialına malik rayonlarda təsərrüfatların genişləndirilməsi, yeni investisiyaların cəlb edilməsi və istehsalın müasir yanaşmalar əsasında artırılması üçün əlavə imkanlar yaradır. Xüsusilə müasir suvarma sistemlərinin və innovativ aqrotexniki üsulların tətbiqi, məhsulun keyfiyyətinin yüksəldilməsi, emal və satış imkanlarının genişləndirilməsi üzümçülüyün inkişafında mühüm amillər kimi diqqətə çatdırılıb.
Görüş zamanı fermerlərin fəaliyyətinə dair məsələlər yerində öyrənilib, təklif və müraciətləri dinlənilib, qarşılaşdıqları çətinliklər müzakirə olunub. Təsərrüfatların genişləndirilməsi və istehsal imkanlarının artırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi diqqətə çatdırılıb.
Məlumat üçün bildirək ki, Şəmkir rayonunda 5 min hektardan çox meyvə və giləmeyvə bağı mövcuddur. Onların 4 min hektara yaxını məhsuldar yaşdadır. Mövcud bağların 452,7 hektarını üzüm sahələri təşkil edir. Cari ildə 31,7 hektar yeni üzüm bağı salınıb. 2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, bağlardan 14 min 822 ton məhsul toplanıb.
Onu da qeyd edək ki, rayonumuzda aqrar istehsalın artırılması, təsərrüfatların səmərəliliyinin yüksəldilməsi və fermerlərin fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.






