Qeyri-islam dini icmalarının nümayəndələri Şəmkirə səfər edib.
23 may 2023 | 14:42
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin iştirakı ilə qeyri-islam dini icmalarının nümayəndələrinin Şəmkirə səfəri baş tutub.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallının da iştirak etdiyi tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Şəmkir rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, sənədlər, kitablarla tanış olublar. Eyni zamanda Şəmkir Tarix Diyarşünaslıq Müzeyində tarixi eksponatlarla baxış keçirilib.
Daha sonra Şəmkir şəhərində yerləşən Alman Lüteran kilsəsində tədbir keçirilib.
Tədbirdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, hər kəsin dini etiqad azadlığı təmin olunur.
Çıxış edənlər Azərbaycanda mövcud dini mühit, eləcə də zəngin mədəni irsin qorunub saxlanılmasını yüksək qiymətləndiriblər.