“Qədim Şəmkir Şəhərinin arxeoloji-memarlıq irsi: tədqiqi, qorunması və təbliği” adlı elmi-praktik seminar keçirilib
02 sentyabr 2024 | 17:43
Seminarda Şəmkir Rayon İcra Hakimiyyətinin, AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun, Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruğunun nümayəndələri iştirak ediblər.
Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruğunun arxeoloji qazıntı işləri gedən narınqala hissəsində başlayan tədbirdə iştirakçılara qoruğun tarixi, eyni zamanda arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat verilib.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun tarix elmləri doktoru Tarix Dostiyev 2006-cı ildən bu günədək aparılan elmi-tədqiqat işlərindən və arxeoloji qazıntıların gedişatından ətraflı söhbət açıb.
Ekskursiyanın davamı olaraq tədbir iştirakçıları qoruqda sərgilənən artefaktlarla yaxından tanış oldular. Onlara artefaktların tarixi, istehsal üsulu və məişətdə istifadə qaydalarından danışıldı. Tədbir iştirakçılarını maraqlandıran suallar yerindəcə cavablandırıldı. Daha sonra qoruğun inzibati binasında “Qədim Şəmkir Şəhərinın arxeoloji-memarlıq irsi: tədqiqi, qorunması və təbliği” adlı elmi-praktik seminarın işinə start verildi.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix fəlsəfə doktoru, dosent Fərhad Quliyev çıxışında qoruqların Azərbaycanın mədəni irs tarixində əhəmiyyətli mövqeyindən, onların qorunması və təbliği məsələlərindən danışıb.
Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Nurlan Həsənov qoruğun yaranması və beş illik fəaliyyəti, eyni zamanda gələcək perspektivləri haqqında məlumat verib. O qoruğun problemlərindən də söhbət açıb.
Elmi-tədqiqat ekspedisiyasının rəhbəri AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun tarix elmləri doktoru Tarix Dostiyev arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələrinin qorunması və təbliği yönündə aparılan mühüm layihələr, 2024-cü ilin elmi tədqiqatlarının nəticələri haqqında fikirlərini seminar iştirakşılarının diqqətinə çatdırıb.
Elmi-praktik seminarın sonunda iştirakçıları maraqlandıran suallar tarixçilər tərəfindən cavablandırılıb.