Qəbul imtahanlarından 600-dən yüksək bal toplayaraq ali məktəblərə qəbul olan gənclərimizlə görüş keçirildi
04 sentyabr 2024 | 09:33
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olan rayon gəncləri ilə görüş keçirib.
İcra başçısı əvvəlcə qazandıqları yüksək nəticələrə görə abituriyentləri təbrik edib, onların bu uğurlarında pay sahibi olan valideynlərinə və müəllimlərinə minnətdarlığını bildirib.
Ulu öndər Heydər Əliyevin ölkəmizdə təhsilə verdiyi önəmdən danışan Rəşad Tağıyev vurğulayıb ki, Ümummilli liderin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Onun uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir.
İcra başçısı qeyd edib ki, bu gün ölkəmizdə sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir
Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev də çıxışında ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışıb, rayonda təhsilin inkişafı üçün görülən işlər haqqında məlumat verib.
Ali məktəblərə yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar isə çıxışlarında bundan sonra da daha fəal çalışaraq ölkəmizə layiqli vətəndaş kimi yetişəcəklərinə söz veriblər.
Sonda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tələbə adını qazanan gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin, o cümlədən Şəmkir rayonunun sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrini arzulayıb, onlara RİH adından Fəxri Fərman və hədiyyələr təqdim edib.
Qeyd edək ki, rayon üzrə 38 abituriyent 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunub.