Qaranüy kəndində içməli su təminatının yaxşılaşdırılması istiqamətində işlər görülüb
20 may 2026 | 11:54
Dəllər Cəyir bələdiyyəsinin, aidiyyəti qurumların və kənd sakinlərinin dəstəyi ilə Qaranüy kəndində içməli su təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilmişdir.
Sakinlərin müraciətləri nəzərə alınaraq Dəllər Cəyir bələdiyyəsi tərəfindən həyata keçirilən layihə çərçivəsində uzun müddət istifadəsiz qalmış, dövlət balansında olmayan və öz axını ilə suyu yer səthinə çıxaran subartezian quyusu bərpa olunmuşdur. Sakinlərin təşəbbüsü və dəstəyi ilə quyuya su nasosu və müvafiq borular quraşdırılaraq suyun fasiləsiz çıxışı təmin edilmişdir.
Layihənin icrasına Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən də texniki dəstək göstərilmiş, əraziyə 1 ədəd 50 tonluq su çəni və qazıntı işləri üçün ağır texnika ayrılmışdır.
Dəllər Cəyir bələdiyyəsi tərəfindən təşkil olunan işlər çərçivəsində isə yeni su xətti çəkilmiş, 500 metr 32 mm-lik və 5500 metr 50 mm-lik su boruları, eləcə də zəruri ləvazimatlar alınaraq kəndin bütün küçələrinin içməli su ilə təminatı yaxşılaşdırılmışdır.
Görülən işlərdə kənd sakinlərinin fəal iştirakı və dəstəyi ilə uğurla başa çatdırılmışdır.






