“Qarabağ” klubundan şəmkirli şəhid övladlarına böyük jest- Uşaqları futbolçularla görüş üçün klubun bazasına dəvət etdilər
17 oktyabr 2022 | 09:11
Xəbər verdiyimiz kimi, Şəmkirli şəhid övladları Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçirilən "Qarabağ" - "Olimpiakos" matçını izləmək üçün Bakı şəhərinə səfər ediblər.
Səfər şəhid övladlarının bu oyuna baxmaq istəyinə əsasən Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.
RİH və DYP əməkdaşlarının müşayiəti ilə oktyabrın 13-ü səhər saatlarında şəhid övladları rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında “Qarabağ” klubuna dəstək olaraq “Biz-şəmkirli şəhid övladları “Qarabağ”ımızı dəstəkləyirik” yazılmış pankart açıblar. Daha sonra RİH başçısı Rəşad Tağıyev tərəfindən şəhid övladları Bakı şəhərinə yola salınıb.
Şəhid övladları Bakı şəhərində əvvəlcə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Daha sonra 2-ci Fəxri xiyabanda Şəmkir rayonunda xidmət etmiş şəhid general-mayor Polad Həşimovun və şəhidlərin məzarları ziyarət olunub, Şəhidlər Xiyabanına baş çəkilib.
Səfər çərçivəsində şəhid övladları Hərbi Qənimətlər Parkında olub, qəhrəman atalarının Vətən Müharibəsində qazandıqları Şanlı Zəfərin canlı izlərinə şahidlik ediblər.
Səfərin sonunda şəhid övladları “Qarabağ” - “Olimpiakos” matçını izləyiblər. Oyun ərzində balacalar komandamıza dəstək nümayiş etdiriblər.
Buna qədər şəhid övladlarının Tofiq Bəhrəmov adına Respublika stadionuna giriş-çıxışından tutmuş, oyun ərzində bütün lazımi dəstəyini göstərən, hər zaman şəhid ailələrinə və şəhid övladlarına xüsusi dəstək verən “Qarabağ” futbol klubu sonda Şəmkir rayonundan gəlmiş şəhid övladlarına daha bir alqışalayiq addım atıb.
Belə ki, şəhid Hikmət Hacıyevin övladı Bayram Hacıyevin “Qarabağ”ın futbolçusu Kadi Borgeslə görüşmək istəyinə uyğun olaraq klub şəmkirli şəhid övladlarını “Qarabağ” futbol klubunun bazasına dəvət edib.
Götərdiyiniz diqqət və qayğıya görə təşəkkürlər, “Qarabağ” FK!