"Onlara sevinc bəxş etmək bir insan üçün ən ülvi hissdir"-Rəşad Tağıyev
Şəmkirdə 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayon Təhsil Şöbəsinin, Gənclər İdman İdarəsinin, Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbər heyəti iştirak ediblər.
Əvvələcə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra xüsusi istedadı və qabiliyyəti ilə seçilən fiziki məhdudiyyətli əlillərin əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçirilib.
Rəşad Tağıyev tədbirdə çıxış edərək bildirib ki, BMT tərəfindən təsis olunan və dekabrın 3-də bütün dünyada keçirilən Beynəlxalq Əlillər Günü ulu öndər Heydər Əliyevin müvafiq sərəncamına əsasən 1994-cü ildən Azərbaycanda da hər il qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlillər də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunurlar, onların bütün problemlərinin həlli üçün zəruri tədbirlər həyata keçirilir: “Cəmiyyətimizin ən dəyərliləri olan bu insanların hər zaman yanında olmaq, onlara sevinc bəxş etmək bir insan üçün ən ülvi hissdir”.
İcra başçısı vurğulayıb ki, bu gün əlillərin rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir.
Tədbirdə çıxış edənlər gündən-günə çiçəklənən Respublikamızda əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından ətraflı söhbət açıblar. Onlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daha sonra tədbir bədii hissə ilə davam edərək uşaqlara hədiyyələr təqdim edilib, tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilib.