Ölkədə ilk dəfə istifadə olunacaq iki yeni müasir texnikanın Şəmkirdə təqdimatı keçirildi.
27 oktyabr 2022 | 09:37
Şəmkir rayonunun Ceyrançöl massivində ölkədə ilk dəfə tətbiq edilən texnikalar vasitəsilə yığım sürətinin 2 dəfə artırılmasına, vaxta qənaət edilməsinə, həmçinin su ehtiyatlarına qənaətə, torpağın münbit qatının qorunmasına və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasına nail olunacaq.
Bununla əlaqədar, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) və “Azərşəkər” MMC-nin birgə təşkilatçılığı ilə “Müasir resurslara qənaət edən əkinçilik texnologiyalarının tətbiqi üzrə” tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, aidiyyəti dövlət qurumlarının əməkdaşları və bir sıra kənd təsərrüfatı şirkətlərinin rəhbər şəxsləri iştirak ediblər.
KİV nümayəndələrinin də iştirak etdiyi tədbirdə əvvəlcə “strip till” texnologiyasının tətbiqinin üstünlükləri barədə məlumat verilib, kənd təsərrüfatında istifadə üçün “Mzuri” texnikasının təqdimatı keçirilib. Bildirilib ki, “Mzuri” texnikası ilk dəfə olaraq “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında təkrar qarğıdalı və soya əkini zamanı istifadə edilib.
Bu texnikanın üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların üzlərinin basdırılması) eyni anda görməsidir. Sözügedən texnikanın istifadəsində məqsədi su ehtiyatlarına qənaət edilməsi, torpağın münbit qatının qorunub saxlanması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır. Növbəti mərhələdə “Mzuri” texnikasının ölkəmizdə fəaliyyət göstərən digər kənd təsərrüfatı şirkətlərində də (aqroparklarda) istifadə edilməsi planlaşdırılır.
Texnikanın yerdən qaldırıcı və yükləyici avadanlığı da var. Onun bu il ilk dəfə istifadəsinə başlamışıq. Azərbaycan üçün yeni texnologiyadır. Çuğundurun yığımının sürətləndirilməsi baxımından böyük səmərəsi var. Yığılan çuğundur daha təmiz şəkildə nəql olunur. Həm emalın səmərəliliyini artırır, həm də nəqliyyatda maya dəyərini aşağı salır.
Sonra tədbir iştirakçıları “Azərşəkər” MMC-nin “strip till” texnologiyası ilə əkilmiş qarğıdalı sahəsinə və taxıl təsərrüfatında arpa səpininə baxış keçiriblər. Qeyd olunub ki, şəkər çuğunduru sahəsi 161,5 hektar ərazini əhatə edir. Bu il hər hektar üzrə orta məhsuldarlığın 80 sentner təşkil edəcəyi proqnozlaşdırılır.
Ümumilikdə, sahədən 12920 ton şəkər çuğundurunun yığımı gözlənilir. Eyni zamanda, bu il ölkəmizdə ilk dəfə olaraq “Azərşəkər” MMC-nin Ceyrançöl təsərrüfatında şəkər çuğundurunun yığılmasında “Ropa Maus” texnikasından da istifadə edilməsinə başlanılıb. Bu texnikanın tətbiqi yığım sürətinin 2 dəfə artırılmasına və vaxta qənaət edilməsinə gətirib çıxarıb. “Ropa Maus” texnikası saatda təxminən 400 tona yaxın məhsul yığmaq gücünə malikdir.
Qeyd edək ki, aqroparkın ümumi əkinə yararlı 4000 hektar sahəsinin 1500 hektarında müasir suvarma (pivot) sistemləri qurulub. Cari ildə ərazinin 166,2 hektarında arpa, 130,6 hektarında buğda, 156,6 qarğıdalı,114,9 soya, 161,5 hektarında isə şəkər çuğunduru əkilib.
Aqroparkda arpa yığımı üzrə orta məhsuldarlıq 5,14 ton/ha, buğda üzrə 5,9 ton/ha, qarğıdalı üzrə 9 ton/ha, soya üzrə isə 2,5 ton/ha olub.
Ümumilikdə “Azərşəkər” MMC-nin Ceyrançöl təsərrüfatından cari il 854,268 ton arpa, 770,54 ton buğda, 1409 ton qarğıdalı yığımı həyata keçirilib. İnvestisiya dəyəri 13,4 milyon manat olan aqroparkda daimi olaraq 71, mövsümi 30 nəfər insan işlə təmin edilib.