Ölkədə baramaçılığın inkişafı şəmkirli kümçülərin bu sahəyə marağını artırıb
06 iyun 2023 | 15:50
Prezident cənab İlham Əliyevin regionların mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü məhsullarının istehsalı ilə bağlı verdiyi tapşırıqların icrasının təmin etmək məqsədilə Şəmkir rayonunda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün işlər davam etdirilir.
Bu məqsədlə kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün dövlətimizin başçısının tapşırığına əsasən ölkənin bütün bölgələrində olduğu kimi Şəmkir rayonunda da bu sahəyə ciddi diqqət göstərilir və baramaçılığın inkişafına dair tapşırıqlarının icrası ciddi nəzarətdə saxlanılır.
Rayonda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi şəmkirli kümçülərin bu sahəyə marağını artırıb. Ötən il əldə edilən yüksək məhsuldarlığın verdiyi bəhrə kümçüləri daha çox məhsul istehsal etməyə sövq edib.
Bu il Şəmkirin 36 kənd və qəsəbəsində ipəkqurdları bəslənilir. Bunun üçün yerli kümçlərə 270 qutu baramaqurdu paylanılıb.
Kümçülər bildirir ki, hər il rayonda ipəkqurdalarının saxlanma şəraitinin yaxşılaşdırılması və yem bazasının gücləndirilməsi daha yaxşı məhsul əldə edəcəyinə imkan yaradır.
Şəmkir rayonunda kümxanalarla yaxından tanış olan, kümçülərin istək və təklifləri ilə maraqlanan Rəşad Tağıyev bildirib ki, ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Şəmkir rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir və son zamanlarda rayonda barama bəsləmək istəyənlər arasında gənc ailələrin sayı daha çoxdur.