Ölkədə baramaçılığın inkişafı şəmkirli kümçülərin bu sahəyə marağını artırıb. Ötən il əldə edilən yüksək məhsuldarlığın verdiyi bəhrə kümçüləri daha çox məhsul istehsal etməyə sövq edib.
20 may 2022 | 11:18
Ölkədə baramaçılığın inkişafı şəmkirli kümçülərin bu sahəyə marağını artırıb. Ötən il əldə edilən yüksək məhsuldarlığın verdiyi bəhrə kümçüləri daha çox məhsul istehsal etməyə sövq edib.
Bu il Şəmkirin 36 kənd və qəsəbəsində ipəkqurdları bəslənilir. Bunun üçün yerli kümçlərə 230 qutu baramaqurdu paylanılıb.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun Aşağı Seyfəli kəndində Asif Mehdixanovun kümxanasına baxış keçirib.
A.Mehdixanov bildirib ki, bu mövsüm üçün 4 qutu ipəkqurdu götürüb. Kümçü deyir ki, ötən illə müqayisədə cari ildə ipəkqurdalarının saxlanma şəraitinin yaxşılaşdırılması və yem bazasının gücləndirilməsi daha yaxşı məhsul əldə edəcəyinə imkan yaradır.
Kümxana yaxından tanış olan Rəşad Tağıyev bildirib ki, ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Şəmkir rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir və son zamanlarda rayonda barama bəsləmək istəyənlər arasında gənc ailələrin sayı daha çoxdur.