Nazir Məcnun Məmmədov və Şəmkir RİH başçısı Rəşad Tağıyev şərab istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar
15 may 2025 | 10:34
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonda olan təsərrüfatlara baş çəkib, şərab istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.
Şəmkir rayonunda fəaliyyət göstərən “Şərq Ulduzu” MMC-nin istehsalat sahələrinə baxış zamanı səfər iştirakçılarına müəssisənin fəaliyyət istiqamətləri, xammal təchizatı, istehsal gücü və məhsul ixracı barədə ətraflı məlumat verilib, yüksək keyfiyyət standartlarına uyğun məhsulların istehsal edildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, Alman layihəsi əsasında qurulmuş zavodda montaj və quraşdırma işləri Almaniyanın GWEİN şirkəti tərəfindən aparılmışdır. Emal sexində quraşdırılmış BUCHER VASLIN şirkətinin istehsalı olan daraqayıran və xırdalayıcının istehsal gücü saatda 40 tondur.
Görüş zamanı şərab istehsalında mövcud vəziyyət, bu sahənin inkişaf etdirilməsi, istehsalat prosesində tətbiq edilən yeniliklər, ixrac potensialının artırılması üçün həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub.