Müsabiqədə yüksək nəticə əldə etmiş növbəti 6 nəfər gənc Şəmkir RİH strukturunda vəzifəyə təyin edilmişdir.
06 mart 2023 | 09:42
Bu gün Şəmkir rayonunda gənclərin intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində irimiqyaslı proqram və layihələr reallaşdırılır.
Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda gənclərlə bağlı görülən layihələrdən biri də onlara öz bacarıqlarını anında göstərmək imkanının tanınması və rayon rəhbərliyi tərəfindən dəstək verilməsidir.
Layihə çərçivəsində Şəmkir RİH-də 300 nəfərə yaxın gənc arasında müsabiqə təşkil olundu və yüksək nəticə əldə etmiş gənclərin bilik və bacarıqları yüksək qiymətləndirildi.
Belə ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin müvafiq Əmrinə əsasən Qəhrəmanov Hakim Gülmalı oğlu Şəmkir RİH başçısının Mehirli, Məmmədov Cəfər Fəzayıl oğlu Əliyaqublu, Quliyev Cəlal Səməd oğlu Könüllü, İsgəndərli Əfsanə Elzar qızı Ağlavaşlı, Məhərrəmov Elşən Elxan oğlu Bayramlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini, Rəhimova Sevinc Faiq qızı isə Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin baş məsləhətçisi-baş mühasibi vəzifələrinə təyin ediliblər.
Bununla da müsabiqə yolu ilə Şəmkir RİH-də təyinat alan gənclərin sayı 23 nəfərə çatıb.
Yeni təyinat almaları münasibətilə gəncləri təbrik edən Rəşad Tağıyev bildirib ki, gənclərin problemlərinin həllinə dəstək, onlara göstərilən dövlət qayğısı yeni və müstəqil Azərbaycan dövlətinin siyasi kursunun mühüm tərkib hissələrindəndir.
Məlumat üçün bildiririk ki, müsabiqədə nəticə əldə etmiş gənclərin təyinatları davam edəcək.
Eyni zamanda ilk dəfə müraciət etmək istəyən ali təhsilli gənclər üçün növbəti müsabiqələr təşkil olunacaq.