Milli Qəhrəmanın anım tədbiri keçirilib
18 aprel 2025 | 18:06
Şəmkir rayonunun Kür qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər və Milli Qəhrəmanın silahdaşlarının da iştirak etdikləri tədbirində çıxış edənlər İsgəndər Aznaurovun həyat və döyüş yolu barədə ətraflı məlumat veriblər.
Tədbir çərçivəsində Kür qəsəbə İsgəndər Aznaurov adına tam orta məktəbin bədii kollektivlərinin ifasında vətənpərlik mövzusunda şeirlər, musiqilər, səhnəciklər təqdim olunub.
Qeyd olunub ki, İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistan Respublikasının Buxara vilayətində anadan olub. 1980-ci illərin sonlarında Fərqanədə milli zəmində baş verən məlum hadisələrdən sonra bir çox ahıska türk ailəsi kimi onların ailələri də Azərbaycana pənah gətirib və Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıblar. 1992-ci ildən Azərbaycan Ordusunda könüllü olaraq zabit kimi xidmət edən İsgəndər Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşub, Mutludərə, Ər dağı, Ləzgi daşı və digər strateji yüksəkliklərdə şəxsi şücaət nümunələri göstərib.
1993-cü ilin baharında şəhid olan İsgəndər Aznaurova ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Onun adına yaşayış məntəqəsi, küçə və məktəb var. Vaxtilə döyüşdüyü səngər bu gün “İsgəndər qalası” adlanır.