Kür qəsəbəsində sakinlərlə keçirilən səyyar qəbul-görüş
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə hər həftə rayonun müxtəlif qəsəbə və kəndlərində səyyar görüşlər keçirir.
Kür qəsəbəsində keçirilən qəbulda icra başçısı Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə sakinlərə ətraflı məlumat verib.
Rəşad Tağıyev bildirib ki, Kür qəsəbəsi də belə sosial layihələrdən kənarda qalmır və ötən il rayonun ən böyük xəstəxanalarından biri olan Kür qəsəbəsə Xəstəxanasına gedən yol dövlət başçısının qayğısı nəticəsində yenidən quruldu, bu il isə qəsəbənin içməli su sistemi yenilənərək sakinlərin istifadəsinə veriləcək. Bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər davamlı olacaq.
Daha sonra sakinlərlə qəsəbənin ümumi problemləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda fərdi şəkildə müraciət etmək istəyən sakinlərin qəbulu keçirilib.