Kommunal Müəssisələr Kombinatının yeni alınmış texnikalarına baxış keçirilib
06 yanvar 2026 | 11:08
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində aparılan abadlıq-quruculuq işləri ilə yanaşı ərazilərin təmizlənməsi, tullantıların toplanması və daşınması işləri də daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Şəmkir Kommunal Müəssisələr Kombinatının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl işlər aparılır.
RİH başçısı Rəşad Tağıyev tərəfindən sözügedən işlər çərçivəsində ötən ilin sonunda alınnmış texnika və avadanlıqlara baxış keçirildi.
İcra başçısına məlumat verildi ki, 2025-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən quruma verilmiş Kamaz markalı xüsusi texnikadan əlavə bunkerinin tutumu 8 m3 olan İsuzu markalı kommunal təyinatlı texnika və yük götürmə gücü 10 ton olan FAW markalı özüboşaldan nəqliyyat vasitəsi alınıb. Bununla yanaşı şəhər ərazisində aparılan təmizlik və yaşıllaşdırma işləri zamanı operativliyin və mobilliyin təmin olunması məqsədilə qurumun daxili imkanları hesabına 3 ədəd motoroller tipli özüboşaldan texnikalar alınaraq istismara qəbul edilib.
Həmçinin Kombinat rəhbəri tərəfindən küçələrin işıqlandırılması, yaşıllıq sahələrinə qulluq, parkların abadlaşdırılması, fəvvarələrin təmiri sahəsində görülmüş işlər və gələcək planlar barədə RİH başçısına geniş məlumat verildi. Bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində alınmış işıqlandırma vasitələri, müxtəlif təyinatlı avadanlıqlar da təqdim olundu.
Həmçinin cari ildə də tullantı konteynerlərinin istehsalının davam etdiriləcəyi və xidmət göstərilən ərazilərin əhatə dairəsinin genişləndiriləcəyi vurğulandı.
RİH başçısı Rəşad Tağıyev son illər ərzində alınmış texnika və nəqliyyat vasitələrinin qurumun fəaliyyətində müsbət dönüş yaratdığını bildirdi, göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılmasının, çevikliyin təmin olunmasının zəruruliyini qeyd edərək bu istiqamətdə müvafiq tapşırıqlar verdi.






