Şriftin ölçüsü :

Saytın rəngi :

"Komando briqadasının Hadrutda yaradılmasının xüsusi mesajları var"

29 dekabr 2021 | 16:00

"Komando briqadasının Hadrutda yaradılmasının xüsusi mesajları var"

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Şuşa şəhərinə səfəri onun 60 illik yubileyi günündə baş verdiyindən xüsusi diqqət çəkir. Dövlətimizin başçısı Hadrut qəsəbəsində Komando Briqadası üçün hərbi hissənin açılış mərasimində iştirak etdi, Şuşa şəhərində Cıdır düzündə isə ona 60 illik yubileyi münasibətilə göndərilmiş təbriklərə cavab verdi, eləcə də Yuxarı Gövhər Ağa məscidini ziyarət etdi və Şuşada dörd yaşlı uşaqla səmimi söhbət etdi. Prezidentin öz ad gününü xalqla, xüsusilə əhalinin həssas təbəqələri ilə birlikdə keçirməsi artıq ənənə halına çevrilib. Dövlətimizin başçısı 50 illik yubileyini də Ağcabədi rayonunda məcburi köçkünlərin əhatəsində qeyd etmişdi.

Prezident İlham Əliyevin öz ad günlərini və yubileylərini bu tərzdə qeyd etməsi Prezident-xalq, iqtidar-vətəndaş birliyinin və Ali Baş Komandanla ordu birliyinin ən bariz rəmzlərindəndir. Bu, həm də Vətən müharibəsində yazdığımız qəhrəmanlıq salnaməmizin, dastana dönmüş Şuşa uğrunda döyüşümüzün təməlində dayanan Prezident-Ordu-Xalq birliyinin təcəssümüdür.

Hadrut səfəri zamanı yeni yaradılmış Komando Briqadası üçün hərbi hissənin açılışı oldu. Komando Briqadasının yaradılması Azərbaycan Ordusunda bir yenilikdir. Bu fakt ordu quruculuğunun, hərbi qüdrətimizin daim yüksək səviyyədə saxlanmasının və hərbçilərimizin peşəkarlıq səviyyəsinin müntəzəm surətdə artırılmasının müharibədən sonrakı dövrdə də dövlətin əsas prioritetlərindən biri kimi aktual olaraq qalmasını göstərir. Bunu Prezident İlham Əliyev Hadrutda açıq şəkildə bəyan edərək dedi: “Bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq”.

Hazırkı şəraitdə hərbi qüdrətimizin və ordumuzun hazırlıq səviyyəsinin gücləndirilməsi, ümumən, Komando Briqadasının yaradılması isə xüsusən erməni tərəfi üçün çəkindirici amil kimi çıxış edir. Vətən müharibəsində darmadağın edilməsinə baxmayaraq, Ermənistanda müəyyən dairələr hələ də revanşist bəyanatlar səsləndirirlər, həmçinin bizə qarşı bir neçə dəfə silahlı təxribatlar törədilib. Həmin təxribatların qarşısı ordumuz tərəfindən qətiyyətlə və yüksək peşəkarlıqla alınıb.

ələcəkdə də istənilən belə təxribata layiqli cavab vermək və düşməni belə əməllərdən çəkindirmək üçün Azərbaycan Ordusunun təchizatı və hazırlığı, eləcə də hərbçilərimizin şəxsi peşəkarlığı hər zaman yüksəldilməlidir.

Müzəffər Ali Baş Komandan Hadrutdan Ermənistana bir daha xəbərdarlıq etdi: Bildirdi ki, əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq.

Bu baxımdan, Hadrutda komando hərbi hissəsinin açılışı mühüm hadisədir. Çətin coğrafi şəraitinə görə və Şuşaya doğru irəliləmək nöqteyi-nəzərindən Hadrut Vətən müharibəsi zamanı xüsusi hərbi-strateji və rəmzi əhəmiyyətə malik olmuşdur. Erməni tərəfi Hadrutun Azərbaycan Ordusu tərəfindən azad olunduğunu bir neçə gün inkar etmiş və Hadrutun itirilməsilə barışa bilmədiyinə görə hər vəchlə onu ört-basdır etməyə çalışmışdır. Ona görə də Hadrut təkcə Ermənistan ordusunun məğlubiyyətini deyil, həm də Ermənistanın yalan və şayiələrinin, uydurduqları müxtəlif miflərin ifşa olunmasının rəmzidir. Prezidentin qeyd etdiyi kimi, “Hadrut azad ediləndən sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət almışdır”. Hadrut və Şuşanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə aid idilər. Məhz buna görə Azərbaycanın Hadrut və Şuşanı azad etməsi olduqca önəmli, strateji bir mərhələ idi.

Hadrut və Şuşa səfərlərinin bir mənası da odur ki, bir tərəfdən dövlətimizin başçısı İlham Əliyev Prezident kimi işğaldan azad edilmiş ərazilərimizi, o cümlədən Şuşa və Hadrutu bərpa edir, yenidən qurur, digər tərəfdən isə Ali Baş Komandan kimi ordu quruculuğumuzu davam etdirərək hərbi qüdrətimizi artırmaqla yenidən tikilən Qarabağa, Şərqi Zəngəzura və digər torpaqlarımıza qarşı ola biləcək təhdidləri bəri başdan neytrallaşdırır.

 

Keçidlər