“Kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq, hər bir kəsin şəhid ailələrinin, qazilərimizin qarşısında mənəvi borcu var”
20 sentyabr 2022 | 11:48
Bu sözləri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev şəhid ailələri, qazilər və müharibə iştirakçılarına rayonda göstərilən xidmət səviyyəsinin keyfiyyətinin artırılması ilə bağlı keçirilən iclasda deyib.
İcra başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində yeni şanlı tarixini yazdı, tarixi ədaləti bərpa etdi. Bu qələbə xalqımızın əyilməz ruhunu dünyaya göstərdi: “Bu zəfər bizi 30 ilə yaxın addım-addım yaxınlaşdığımız inamlı, ümidli bir sonluğa çatdırdı, əsrlərdən bizə miras qalmış qürurumuzu dirçəltdi”.
Rəşad Tağıyev qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda bütün döyüşlərdə Şanlı Azərbaycan ordusunun sıralarında Şəmkir gəncləri də döyüş şücaəti göstərdilər, öz qanları ilə bir-birindən fərqli qəhrəmanlıq dastanı yazdılar, şəhid oldular.
İcra başçısı bildirib ki, Prezident cənab İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir rayonunda şəhid ailələri və qazilərlə xüsusi diqqət göstərilir, onlarla mütəmadi görüşlər keçirilir, bu kateqoriyadan olan ailələrimizin mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.
İclasın sonunda Rəşad Tağıyev şəhid ailələri, qazilər və müharibə iştirakçılarına xidmət səviyyəsinin keyfiyyətinin artırılması ilə bağlı ciddi tapşırıqlar verib: "Rayonda fəaliyyət göstərən hər bir məmur bütün məsələlərdə daim şəhid ailələrimiz, qazilərimizlə bir yerdə olmalı, kömək göstərməli, onların qayğısına qalmalıdır. Kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq, hər bir kəsin onların qarşısında mənəvi borcu var. Hər kəs çalışmalıdır ki, mənəvi borcunu layiqincə ödəsin"