İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın illik hesabat iclası keçirilib
28 dekabr 2024 | 17:28
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın illik hesabat iclası keçirilib.
Çıxış edən Şəmkir RİH başçısı Rəşad Tağıyev bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra irimiqyaslı neft və qaz ehtiyatlarının hasilatı və dünya bazarına çıxarılması ölkə iqtisadiyyatının ən mühüm sahələrindən biri olub. Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynayıb, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verib. Ulu Öndər Heydər Əliyevin uğurlu neft və qaz strategiyası bu gün Prezident İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində uğurla davam etdirilir.
İcra başçısı çıxışının sonunda bildirib ki, rayonumuzun ərazisindən keçən kəmərlərin təhlükəsizliyinin qorunmasını hər birimizin qarşısında prioritet vəzifə kimi qoyulmuşdur.
Daha sonra Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Şəmkir Regional İdarəsinin rəisi Ramin İsmayılov geniş məruzə ilə çıxış edərək, il ərzində görülən işlər barədə ətraflı məlumat verib.
R.İsmayılov bildirib ki, Şəmkir ərazisindən keçən kəmərlərin təhlükəsiz nəqli tam təmin edilib və ötən müddətdə əvvəlki illərdə olduğu kimi ixrac boru kəmərlərinə qarşı heç bir terror-təxribat hərəkətləri baş verməyib, kənar müdaxilələr qeydə alınmayıb. İxrac boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gecləndirilməsi komissiya və idarə tərəfindən ciddi nəzarətdə saxlanılıb.
İclasda aidiyyəti qurumların səlahiyyətli nümayəndələrinin təklif və məruzələri dinlənilərək ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinə təsir göstərə biləcək yeni tendensiyalar, potensial təhlükəsizlik riskləri və qazanılmış nəticələr və digər məsələlər ətrafında müzakirələr olub, müvafiq qərarlar qəbul edilib.