İnzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti görüş keçirildi.
14 oktyabr 2026 | 13:36
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə cari ilin doqquz ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair görüş keçirdi.
Görüşdə rayonun sosial-iqtisadi inkişafı, yerli idarəetmə orqanlarının fəaliyyəti, mövcud problemlər və qarşıya qoyulmuş tapşırıqların icra vəziyyəti müzakirə olundu. İcra başçısı fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun təşkili, şəffaflığın təmin edilməsi, vətəndaş müraciətlərinə vaxtında baxılması, yaşayış məntəqələrində mövcud problemlərin operativ həlli və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verdi.
Həmçinin şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına diqqət və qayğının artırılması, onların müraciətlərinin araşdırılması və sosial problemlərinin həlli məsələləri diqqətə çatdırıldı.
Görüşdə payız-qış mövsümünə hazırlıq məsələlərinə də toxunuldu. Mövsüm ərzində yarana biləcək çətinliklərin əvvəlcədən müəyyənləşdirilməsi, yolların və yaşayış məntəqələrində infrastrukturun vəziyyətinin diqqətdə saxlanılması, kommunal xidmətlərin fasiləsiz fəaliyyətinin təmin edilməsi, eləcə də əlverişsiz hava şəraiti ilə əlaqədar yarana biləcək problemlərin operativ aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi vurğulandı. Həmçinin inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələrə aidiyyəti qurumlarla əlaqəli fəaliyyət göstərməsi, mövsümi hazırlıq işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi tapşırıldı.
Sonda müəyyən edilmiş vəzifələrin icrasına nəzarətin gücləndirilməsi və əhali arasında maarifləndirmə işlərinin davam etdirilməsi ilə bağlı müvafiq göstərişlər verildi.






