İnkişafın davamlılığı: rayon üzrə icra olunan işlərə ümumi baxış
Şəmkir rayonunun sosial-iqtisadi inkişaf strategiyasında rayon İcra Hakimiyyəti ilə aidiyyəti dövlət qurumları arasında qarşılıqlı fəaliyyət çərçivəsində reallaşdırılan layihələr mühüm yer tutur.
Müxtəlif sahələri əhatə edən və rayonumuzun sosial-iqtisadi inkişafı üçün nəzərdə tutulan istiqamətlərdən biri də elektrik təsərrüfatının yenilənməsidir. Şəmkir rayonunda bu xidmət sahəsinin müasir tələblərə tam cavab verəcək şəkildə olması üçün məqsədyönlü addımlar atılır.
Son beş ildə rayon üzrə həyata keçirilən infrastruktur layihələri, xüsusilə enerji təminatı sahəsində görülən işlər inkişafın davamlı xarakter aldığını aydın şəkildə nümayiş etdirir. Bu dövrdə elektrik təsərrüfatının yenilənməsi istiqamətində atılan addımlar həm texniki modernləşməni, həm də əhalinin həyat keyfiyyətinin yüksəldilməsini təmin edən əsas amillərdən biri olmuşdur.
Belə ki, həyata keçirilən layihələr çərçivəsində rayonun Yuxarı Seyfəli, Yeni Həyat, Atabəy, Hacallar, Yeni Göyçə, Günəşli, Yuxarı Çaykənd, Aşağı Çaykənd, Varlı Həyat, Qaraqoyunlu, Dağ Cəyir, Qaracəmirli, Qapanlı, Mahmudlu, İrmaşlı, Bayramlı, Ələsgərli, Nərimanlı və Yeni Yol kəndlərində köhnə və istismar müddətini başa vurmuş açıq tipli naqillər müasir və daha təhlükəsiz SİP kabellərlə əvəz olunmuşdur. Bu dəyişikliklər elektrik xətlərində itkilərin azalmasına, qəzaların və texniki nasazlıqların minimuma endirilməsinə səbəb olmuşdur.
Bununla yanaşı, qeyd olunan yaşayış məntəqələrində müasir tipli transformatorların quraşdırılması enerji paylanmasının daha səmərəli təşkilinə şərait yaratmışdır. Yeni transformatorlar elektrik enerjisinin stabil ötürülməsini təmin etməklə yanaşı, şəbəkənin yüklənməsinin qarşısını almış və pik saatlarda yaranan problemlərin aradan qaldırılmasına imkan vermişdir.
Şəmkir EŞ-in xidməti ərazisində son 5 ildə plan qrafiki üzrə 488 km 6/10 kV-luq EVX-də və 71, 0,4 kV-luq EVX-lərin təmir işləri aparılmışdır. 238 ədəd yararsız 10(6) – 0,4 kV-luq ağac dayaqlar beton və metal dayaqla əvəz edilmiş, 1781 ədəd metal dayaqlar rənglənmişdir. 52036 metr müxtəlif markalı naqillər çəkilmişdir.
Eyni zamanda 322 ədəd transformator cari təmir edilmiş, 189 ədəd zədəli transformator dəyişdirilmişdir. Son beş ildə Şəmkir rayonu ərazisində 51750 metr SİP kabel xəttləri çəkilmişdir.
Bütün bu işlərlə yanaşı elektrik təsərrüfatının yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər “Memarlıq və şəhərsalma ili” çərçivəsində də davam etdirilir. Belə ki, hazırda Çinarlı qəsəbəsində və Düyərli kəndində kabelləşmə işləri aparılır. Görülən işlər rayonun müasir inkişaf konsepsiyasına uyğun olaraq planlı və sistemli şəkildə icra olunur. Bu işlər yalnız texniki yenilənmə ilə məhdudlaşmamış, eyni zamanda yaşayış məntəqələrinin estetik görünüşünün yaxşılaşdırılmasına və şəhərsalma prinsiplərinə uyğunlaşdırılmasına da xidmət edir.
2021–2025-ci illər ərzində Şəmkir rayonu üzrə həyata keçirilən bu və digər tədbirlər nəticəsində 50 minə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur. Bu göstərici görülən işlərin miqyasını və sosial əhəmiyyətini açıq şəkildə əks etdirir.






