Şriftin ölçüsü :

Saytın rəngi :

İnkişafın davamlılığı: Rayon üzrə icra olunan işlərə ümumi baxış, vətəndaş məmnunluğunun təmini

06 iyul 2026 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idarəçiliyi islahatlarında vətəndaş amili əsas prioritet kimi müəyyən edilmiş, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, hesabatlılığın, operativliyin və vətəndaş məmnunluğunun təmin olunması əsas fəaliyyət istiqamətlərindən biri kimi qarşıya qoyulmuşdur.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən son beş il ərzində vətəndaş müraciətlərinə baxılması, qəbulların təşkili, yerli əhəmiyyətli problemlərin operativ həlli və vətəndaş məmnunluğunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Fəaliyyətin əsas məqsədi vətəndaşların dövlət orqanlarına inamının daha da möhkəmləndirilməsi, müraciətlərə qanunvericiliyin tələblərinə uyğun baxılması və hər bir müraciətin obyektiv araşdırılmasının təmin edilməsindən ibarət olmuşdur.
Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq sistemli şəkildə təşkil edilmiş, təsdiq olunmuş qrafik əsasında rayon icra hakimiyyətinin başçısı, başçının müavinləri və aparatın struktur bölmə rəhbərləri tərəfindən müntəzəm fərdi qəbullar keçirilmişdir. Bununla yanaşı, "Bir Pəncərə" xidmət mərkəzi vasitəsilə vətəndaşların müraciətlərinin qəbulu, qeydiyyatı, araşdırılması və nəticələri barədə məlumatlandırılması təmin edilmişdir.
Müraciətlərin qəbulunda əlçatanlığın artırılması məqsədilə ənənəvi üsullarla yanaşı, elektron xidmət imkanları da geniş tətbiq olunmuşdur. Vətəndaşlar qəbula yazılmaq üçün qaynar xətt telefonları, rəsmi internet səhifəsi, elektron poçt ünvanı, Rəqəmsal İcra Hakimiyyəti Portalı və sosial media platformalarından istifadə etmiş, bununla da müraciət prosesinin çevikliyi və əlçatanlığı əhəmiyyətli dərəcədə yüksəlmişdir.
2021–2025-ci illər ərzində Şəmkir Rayon İcra Hakimiyyətinə ümumilikdə 10 034 yazılı müraciət daxil olmuşdur. Hər bir müraciət qanunvericiliyin tələblərinə uyğun araşdırılmış, qaldırılan məsələlərin mahiyyətinə uyğun zəruri tədbirlər görülmüşdür. Daxil olmuş müraciətlərdən 4 468-i müsbət həll edilmiş, 105 müraciət qismən təmin olunmuş, 4 911 müraciət üzrə vətəndaşlara əsaslandırılmış izahat verilmiş, 550 müraciət isə aidiyyəti dövlət qurumlarına baxılması üçün göndərilmişdir.
Vətəndaşlarla birbaşa ünsiyyətin genişləndirilməsi və qaldırılan məsələlərin operativ həllinin təmin olunması məqsədilə fərdi qəbulların əhatə dairəsi davamlı olaraq genişləndirilmişdir. Son beş il ərzində rayon icra hakimiyyətinin başçısı tərəfindən 4 108 nəfər, başçının müavinləri və aparatın struktur bölmə rəhbərləri tərəfindən 16 000 nəfər, tabeli qurumların rəhbərləri tərəfindən isə 14 871 nəfər vətəndaş qəbul edilmişdir. Bu qəbullar zamanı səsləndirilən müraciətlər aidiyyəti üzrə nəzarətə götürülmüş, problemlərin həlli istiqamətində konkret tədbirlər müəyyən edilmişdir.
Vətəndaş müraciətlərinə yalnız inzibati binalarda deyil, onların yaşadıqları yaşayış məntəqələrində də baxılması fəaliyyətin mühüm istiqamətlərindən biri olmuşdur. Bu məqsədlə rayon icra hakimiyyətinin başçısı tərəfindən hər həftə rayonun şəhər, qəsəbə və kəndlərini əhatə edən səyyar qəbullar keçirilmişdir. 2021–2025-ci illər ərzində ümumilikdə 208 səyyar qəbul təşkil edilmiş, həmin qəbullarda 15 933 vətəndaş iştirak etmişdir. Səyyar qəbullar zamanı qaldırılan məsələlər yerində araşdırılmış, kommunal xidmətlər, yol infrastrukturu, içməli su təminatı, elektrik təsərrüfatı, məşğulluq, torpaq münasibətləri, sosial müdafiə və digər istiqamətlər üzrə aidiyyəti qurumlara konkret tapşırıqlar verilmiş, icrası nəzarətdə saxlanılmışdır.
Fəaliyyət dövründə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, müharibə əlilləri, veteranlar və digər həssas kateqoriyadan olan vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşılmışdır. Onların növbədənkənar qəbulu təmin edilmiş, sosial problemlərinin operativ həlli istiqamətində aidiyyəti qurumlarla koordinasiyalı iş aparılmışdır.
İnformasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunması və rəqəmsal idarəetmə prinsiplərinin tətbiqi də fəaliyyətin mühüm istiqamətlərindən olmuşdur. Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi Facebook, Instagram və X sosial media hesabları vasitəsilə vətəndaşların operativ məlumatlandırılması, müraciətlərinin qəbulu və cavablandırılması təmin edilmiş, ictimaiyyətlə açıq və şəffaf kommunikasiya mühiti formalaşdırılmışdır. Hesabt ili ərzində Facebook platformasından 315, İnstagramdan 75, həmçinin rəqəmsal icra hakimiyyəti portalından 62 müraciət daxil olub və elektron platformalar vasitəsilə daxil olan bu müraciətlər də qanunvericiliklə müəyyən olunmuş müddətlərdə araşdırılaraq cavablandırılmışdır.
Şəmkir Rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinə baxılması sahəsində institusional yanaşma daha da təkmilləşdirilmiş, qəbulların əlçatanlığı artırılmış, müraciətlərin araşdırılmasında operativlik və obyektivlik təmin edilmiş, vətəndaşların problemlərinin yerində öyrənilməsi və həllinə xüsusi önəm verilmişdir. Bu fəaliyyət nəticəsində dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimad daha da möhkəmlənmiş, vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə edilmişdir.
Qarşıdakı dövrdə də Şəmkir Rayon İcra Hakimiyyəti Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət idarəçiliyi prinsiplərini rəhbər tutaraq vətəndaş müraciətlərinə həssas yanaşmanın daha da gücləndirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi, səyyar qəbulların əhatə dairəsinin artırılması, müraciətlərin icra intizamının yüksəldilməsi və vətəndaş məmnunluğunun daha yüksək səviyyədə təmin olunması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcəkdir.
Keçidlər