Şriftin ölçüsü :

Saytın rəngi :

İnkişafın davamlılığı: Rayon üzrə icra olunan işlərə ümumi baxış

28 iyul 2026 | 17:05
   Şəmkir rayonunda son beş il ərzində qaz təsərrüfatının müasir standartlara uyğun yenilənməsi istiqamətində ardıcıl və genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib. Şəmkir Rayon İcra Hakimiyyəti ilə aidiyyəti dövlət qurumları arasında qurulan səmərəli əməkdaşlıq nəticəsində qaz təchizatının etibarlılığı artırılıb, mövcud şəbəkələr yenilənib, yeni yaşayış məntəqələrinin qazlaşdırılması təmin olunub.
   2021–2025-ci illər ərzində icra olunan layihələr çərçivəsində qaz təsərrüfatının texniki cəhətdən müasirləşdirilməsi ilə yanaşı, əhalinin təhlükəsiz və dayanıqlı qaz təchizatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Bu dövrdə Aşağı Seyfəli kəndində 300 fərdi yaşayış evindən ibarət yeni salınmış yaşayış massivi qazlaşdırılıb.
    "Şəhərsalma və Memarlı İli" çərçivəsində də rayonda qaz infrastrukturunun inkişafı istiqamətində işlər davam etdirilir. Hazırda Tatarlı kəndində 220 fərdi yaşayış evinin yerləşdiyi yeni salınmış yaşayış massivinə təbii qaz xətti çəkilir. Eyni zamanda Varlı Həyat, Qaraqoyunlu və Atabəy kəndlərində yeni qaz xətlərinin çəkilişi və tikinti-quraşdırma işləri başa çatdırılıb. Hazırda həmin yaşayış məntəqələri üzrə sənədləşmə prosesi aparılır. Proses yekunlaşdıqdan sonra kəndlərin təbii qazla təmin edilməsi həyata keçiriləcək. Bununla da Şəmkir rayonunda yalnız 5 dağ kəndi qazlaşmamış qalacaq ki, bu da rayon əhalisinin təxminən 98 faizinin təbii qazla təmin olunması deməkdir.
    Qaz təchizatının təhlükəsiz və dayanıqlı təşkili məqsədilə aidiyyəti qurumlarla birgə həyata keçirilən tədbirlər çərçivəsində yeni qaz tənzimləyiciləri quraşdırılıb, diametri 108 və 89 millimetrlik qaz xətləri dayaqlar üzərinə qaldırılaraq müvafiq qaydada rənglənib. Şəmkir şəhərində isə 180 abonentə xidmət göstərən qaz xətləri yenilənərək istismara verilib.
    Son beş il ərzində Şəmkir şəhərinin C.Cabbarlı və M.Ə.Rəsulzadə küçələrində, Sərxan yaşayış massivində, Dəllər qəsəbəsində, Mahmudlu, Xuluf və Könüllü kəndlərində köhnə qaz xətləri müasir standartlara cavab verən D57 millimetrlik borularla əvəz olunub. Bununla yanaşı, korroziyaya uğramış 1 kilometrə yaxın qaz xətti tam yenilənib, 8 kilometrə yaxın qaz şəbəkəsində əsaslı bərpa işləri aparılıb.
    Təkcə 2025-ci il ərzində Şəmkir şəhəri, Kür qəsəbəsi və Qasımalılar kəndində ümumilikdə 2500 paqonmetr uzunluğunda yeni qaz xətləri çəkilib, 8 ədəd Şkaf Tipli Qaz Tənzimləyici Məntəqə (ŞQTM) quraşdırılıb. Cari ildə isə əlavə olaraq 10 yeni ŞQTM istifadəyə verilib. Bununla yanaşı, 3132 qaz sızması operativ qaydada aradan qaldırılıb, 7503 abonentin qaz sayğacı yenisi ilə əvəz edilib. Görülən tədbirlər qazın sabit təzyiqlə ötürülməsini təmin etməklə yanaşı, pik saatlarda yarana biləcək təchizat problemlərinin qarşısının alınmasına imkan yaradıb.
Həyata keçirilən layihələr yalnız qaz təsərrüfatının texniki cəhətdən yenilənməsi ilə məhdudlaşmır. Görülən işlər yaşayış məntəqələrində təhlükəsizliyin artırılmasına, şəhərsalma prinsiplərinin tətbiqinə və əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə də xidmət edir.
    Son beş ildə görülən kompleks tədbirlər nəticəsində Şəmkir rayonunda 49 min 200 abonentin daha keyfiyyətli, təhlükəsiz və dayanıqlı təbii qaz təchizatından istifadə imkanları genişlənib. İcra olunan layihələr rayonda qaz infrastrukturunun müasir standartlara uyğunlaşdırılması istiqamətində işlərin ardıcıl şəkildə davam etdirildiyini və bu sahədə aidiyyəti dövlət qurumları ilə səmərəli əməkdaşlığın uğurla davam etdiyini göstərir.
Keçidlər