III Azərbaycan Milli Şəhərsalma Forumu keçirilir
17 oktyabr 2025 | 12:07
Oktyabrın 15-də Xankəndi şəhərində işə başlayan III Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciəti səsləndirilib.
Forum "İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda keçirilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-HABITAT) ilə tərəfdaşlığı çərçivəsində reallaşan tədbirdə 60-dan çox ölkədən 400-dək dövlət və özəl qurumların nümayəndələri, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edir.
Tədbirdə çıxış edənlər Forumun dayanıqlı şəhər inkişafı sahəsində təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını və Azərbaycanın urbanizasiya siyasətini beynəlxalq standartlara uyğunlaşdırmaq təşəbbüsü baxımından əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində Bakıdan Qarabağadək, ölkənin bütün bölgələrinə qədər genişmiqyaslı şəhərsalma transformasiyası həyata keçirilir.
Qeyd edək ki, üç gün davam edəcək tədbir şəhərsalma sahəsində aktual çağırışların və imkanların müzakirəsi üzrə yerli və beynəlxalq ekspertlər üçün vahid platforma rolunu oynayacaq.
Foruma oktyabrın 17-də Bakıda yekun vurulacaq.






