"İcra başçısı təhsil işçilərini 5 oktyabr–Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik etdi"
Şəmkir rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH əməkdaşları, rayon təhsil şöbəsinin rəhbərliyi və rayonun təhsil sahəsində xidmətləri olan bir qrup müəllimlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində ulu öndərin büstü önünə gül dəstələri düzüblər.
Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün təhsil işçilərini təbrik edən Şəmkir RİH başçısı Rəşad Tağıyev çıxış edərək müəllim əməyinin əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib: “Müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Azərbaycan dövləti onların şərəfli əməyini həmişə yüksək qiymətləndirib. Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini dəyər verib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Məhz buna görə ölkəmiz bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də bu gün milli təhsilin inkişafına xüsusi qayğı ilə yanaşır. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb binaları tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri, o cümlədən Şəmkiri də əhatə edir".
Tədbirdə çıxış edən təhsil işçiləri müəllim peşəsini seçməkdən qürur duyduqlarını qeyd ediblər. Natiqlər ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər.
Sonra rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən və tədrisdə fərqlənən bir qrup müəllimə rayon İcra Hakimiyyətinin “Fəxri Fərmanı və hədiyyələr təqdim edilib.