İcra başçısı Şəmkirin aran ərazilərində taxıl biçininin gedişatı ilə yerində tanış olub
19 iyun 2023 | 17:38
Ölkəmizdə taxılçılığın inkişaf etdirildiyi ərazilərdən biri də Şəmkir rayonudur. Burada son illərdə ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın intensiv inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Bu məqsədlə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayon ərazisində olan təsərrüfatlarda taxıl biçinin gedişatı, eyni zamanda şəkər çuğunduru, qarğıdalı sahələrində təsərrüfat sahibləri ilə görüşür, onların istək və arzularını dinləyir.
Təsərrüfatlarda taxıl biçini ilə maraqlanan icra başçısına məlumat verilərək bildirilib ki, qısa müddət ərzində biçinə başlanılmasına baxmayaraq ötən illə müqayisədə bu il daha yüksək məhsuldarlıq əldə olunur. Hazırda sahələrdə məhsulun vaxtında və itkisiz yığılması üçün bütün lazımi tədbirlər görülür.
Şəmkir rayonunda cari ilin məhsulu üçün 15 min 693 hektar ərazidə taxıl əkilib ki, bunun da 9 min 890 hektarı buğda, 5 min 678 hektarı isə arpadır.
Eyni zamanda 1395 hektar sahədə şəkər çuğunduru və qarğıdalı əkililib. Rayonda cəmi əkilmiş taxıl sahələrinin 6 min 654 hektarı dəmyə, 9 min 39 hektarı suvarılan sahələrdir.
Onu da qeyd edək ki, iyun əvvəlindən etibarən həmin sahələrdə biçin işlərinə başlanılıb.