İcra başçısı rayon Ağsaqqallar Şurasının və İctimai Şuranın üzvləri ilə görülən işlər, qarşıya qoyulan məqsədləri müzakirə etdi
27 may 2022 | 09:24
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayon Ağsaqqallar Şurasının və RİH başçısı yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri ilə görüş keçirib.
Rəşad Tağıyev çıxış edərək ağsaqqalların rayonumuzun ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. İcra başçısı gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu da diqqətə çatdırıb.
İcra başçısı cəmiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, sağlam dialoqun qurulması, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınması və funksiyalarından irəli gələn digər məsələlərdə səmərəli fəaliyyəti üçün RİH başçısı yanında İctimai Şuranın önəmini də xüsusi qeyd edib.
Görüş çərçivəsində Rəşad Tağıyev Şəmkir rayonunda 2022-ci ilədə görüləcək işlər, qarşıya qoyulan məqsədlərlə bağlı Ağsaqqallar Şurasının və İctimai Şuranın üzvləri ilə müzakirələr aparıb.
İcra başçısı bildirib ki, qarşıya qoyulmuş məqsədlər əvvəlcədən tərtib olunmuş İş Planına uyğun şəkildə aparılır. Bu işlərin əsasını isə vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu diqqətə çatdıran Rəşad Tağıyev qeyd edib ki, iş planları və onun koordinasiyası, hesabatlıq və təşkilati məsələlər xüsusi nəzarətdə saxlanılır.