Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı günəbaxan sahələrinə baxış keçirib

10 iyul 2026 | 16:14
"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası Şəmkir rayonunda ardıcıl şəkildə həyata keçirilir.
Rayonda kənd təsərrüfatında istehsalın səmərəliliyinin artırılması, emal sahəsinin inkişafı, innovativ texnologiyaların tətbiqi, ixrac potensialının genişləndirilməsi, məşğulluğun artırılması, dövlət–özəl tərəfdaşlığının möhkəmləndirilməsi və sahibkarlarla qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev aqrar sahənin inkişafı məqsədilə fermer və sahibkarlarla mütəmadi görüşlər keçirir, təsərrüfatlara yerində baxış keçirərək görülən işlərlə tanış olur, onların təklif, müraciət və arzu-istəklərini dinləyir.
Görüşlər zamanı mövcud məsələlərin operativ həlli, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə və istehsalın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılır.
Bu dəfə İcra Hakimiyyətinin başçısı günəbaxan əkini aparılan təsərrüfatlara baş çəkib, əkin sahələrinin vəziyyəti ilə tanış olub, fermerlərlə söhbət aparıb. Qeyd olunub ki, Şəmkirdə ənənəvi kənd təsərrüfatı sahələri ilə yanaşı, yağlı və texniki bitkilərin əkininə də xüsusi diqqət yetirilir. Günəbaxan istehsalının artırılması əkin dövriyyəsinin səmərəli təşkili, torpaqların münbitliyinin qorunması, emal müəssisələrinin xammalla təminatı və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Onu da qeyd edək ki, 2026-cı ildə rayon üzrə 917 hektar sahədə günəbaxan əkilib. Cari ildə, həmçinin 379,14 hektar şəkər çuğunduru, 85 hektar vələmir, 215 hektar lobya, 17 hektar xardal və 72 hektar yerfıstığı becərilib ki, bu da kənd təsərrüfatında məhsul müxtəlifliyinin artırılması istiqamətində görülən işlərin nəticəsidir.
Şəmkir rayonunda Dövlət Proqramından irəli gələn vəzifələrin icrası bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək, aqrar sahədə müasir yanaşmaların tətbiqi, istehsal və emal imkanlarının genişləndirilməsi, sahibkarların fəaliyyətinin dəstəklənməsi və kənd təsərrüfatının rəqabət qabiliyyətinin daha da artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçiriləcəkdir.
Keçidlər