Şriftin ölçüsü :

Saytın rəngi :

Hörmət və ehtiramla anırıq! - 23 oktyabr

23 oktyabr 2023 | 15:11
Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən Etibar Cəfərovun əziz xatirəsi şəhidlik zirvəsinə ucalmasının üçüncü ildönümündə anılıb.
Anım mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Eyni zamanda şəhidin ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib.
Etibar Cəfərov 1983-cü il aprelin 4-də Şəmkir şəhərində anadan olub. 1990–2001-ci illərdə M. Əhmədov adına Şəmkir şəhər tam orta məktəbində təhsil alıb.
Etibar Cəfərov 2001–2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2004-cü ildə hərbi hazırlıq üzrə təlim-tədris kurslarından keçərək gizir rütbəsinə yiyələnib və Naxçıvan şəhərində yenidən hərbi xidmətə başlayıb.
Etibar Cəfərov xidməti dövründə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə təltif edilib.
Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Etibar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Etibar Cəfərov Murovdağ döyüşləri zamanı itkin düşüb. Oktyabrın 23-də şəhid olduğu müəyyənləşib. Şəmkir şəhərində dəfn olunub.
Ailəli idi. Zamiq və Zümrüd adlı iki övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Etibar Cəfərov ölümündən sonra "Vətən uğrunda" , "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
𝐀𝐥𝐥𝐚𝐡 𝐫ə𝐡𝐦ə𝐭 𝐞𝐥ə𝐬𝐢𝐧!
Keçidlər