Hörmət və ehtiramla anırıq! 30 sentyabr 2024
30 sentyabr 2024 | 15:46
44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qibtə ediləcək böyük zəfəri nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
Prezidentimizin tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generalları yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bütün dünyaya əyani şəkildə göstərdi və sübut etdilər.
Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaq.
Bu gün Şəmkir rayonunun Ağlavaşlı kəndində və Kür qəsəbəsində Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan Qurban Qəzənfərli və Niyaməddin Məhərrəmovun əziz xatirəsi anılıb.
Anım mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarlarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Eyni zamanda şəhidin ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib.
Qeyd edək ki, Qurban Qəzənfərli və Niyaməddin Məhərrəmov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıblar və sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olublar. Şəhid Qurban Qəzənfərli Şəmkir rayonunun Ağlavaşlı kəndində, Niyaməddin Məhərrəmov isə Kür qəsəbəsində dəfn olunub.