Hörmət və ehtiramla anırıq!
17 aprel 2026 | 11:12
Azərbaycan Respublikasının müstəqillik tarixində xüsusi yer tutan 2016-cı ilin Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Bu döyüşlər bir daha sübut etdi ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək əzmində qətiyyətlidir və bu yolda həm siyasi, həm də hərbi baxımdan kifayət qədər güclüdür.
Aprel döyüşləri Azərbaycan dövlətinin, dövlətçiliyinin dönməzliyinin, Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşdi. Bu döyüşlər sübut etdi ki, Azərbaycan Ordusu düşmənin istənilən miqyaslı təxribatının, istənilən hərbi əməliyyatının qarşısını almağa qadirdir. Aprel döyüşləri həm də Azərbaycan Ordusu ilə düşmən ordusu arasındakı güc fərqinin, peşəkarlığının, döyüş hazırlığının fərqinin də təsdiqi oldu.
Azərbaycanın Aprel Zəfərində vətən uğrundan canından, qanından keçən mərd oğullarımız vardı. Onlar qanlarıyla vətənin müdafiəsinə qalxdılar, düşmənə Azərbaycan xalqının qüdrətini göstərdilər.
O, qəhrəman oğulların sırasında Vuqar Yusifov, Altun Dəmirli, Təbriz Əsgərov, Nurlan Qasımov və Vusal Alıyev də vardı. Bu igid oğullar Vətən və millət uğrunda canlarından keçdilər.
Silahlı Qüvvələrimizin 2016-cı ilin aprel ayında həyata keçirdiyi əks-hücum əməliyyatı zamanı şəhid olmuş igid oğullarımızdan Altun Dəmirli və Vüsal Alıyevin əziz xatirəsi şəhidlik zirvəsinə ucalmalarının onuncu ildönümündə anılıb.
Anım mərasimlərində Şəmkir Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarlarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.






