Hörmət və ehtiramla anırıq! - 05.08.2025
05 avqust 2025 | 17:44
“𝐐𝐢𝐬𝐚𝐬” ə𝐦ə𝐥𝐢𝐲𝐲𝐚𝐭𝐥𝐚𝐫ı 𝐬̧ə𝐡𝐢𝐝𝐢 𝐀𝐧𝐚𝐫 𝐑𝐮̈𝐬𝐭ə𝐦 𝐨𝐠̆𝐥𝐮 𝐊𝐚𝐳ı𝐦𝐨𝐯
Artıq Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" əməliyyatından üç il ötür. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi. Ordumuz Buzdux dağı və ətraf yüksəklikləri azad etməklə həm də hərbi-strateji əhəmiyyətli Ağdaban, Çayqovuşan, Vəngli, Narıştar kəndləri, habelə "Sərsəng" su anbarına viziual nəzarət etmək imkanı qazandı.
"Qisas" cavab əməliyyatı bir daha erməniyə Azərbaycan Ordusunun gücünü göstərmiş oldu.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı. Biz dərhal "Qisas" əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz".
19 sentyabr 2023-cü ildə isə Silahlı Qüvvələrimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha bir missiyanı uğurla yerinə yetirdi. Azərbaycan Ordusu Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Təqribən, bir gün davam edən antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi.
2022-ci ildə Ermənistanın təxribatları zamanı şəhidlik zirvəsinə ucalan Azərbaycan ordusunun əsgəri Kazımov Anar Rüstəm oğlunun əziz xatirəsi üçüncü ildönümündə boya-başa çatdığı Qaracəmirli kəndində anılıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri Anar Kazımovun məzarını ziyarət edib, önünə gül dəstləri düzərək əziz xatirəsi anıblar.
Anım mərasimində şəhidin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışılıb.
Rayon İcra Hakimiyyətinin əməkdaşları daha sonra şəhid Anar Kazımovun ailə üzvlərinə baş çəkib, onların istək və qayğıları ilə maraqlanıb.
Allah rəhmət eləsin!






