Şriftin ölçüsü :

Saytın rəngi :

Hörmət və ehtiramla anırıq! -04 noyabr

04 noyabr 2023 | 17:12
Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən Hafiz Abdurrəhmanovun əziz xatirəsi şəhidlik zirvəsinə ucalmasının üçüncü ildönümündə anılıb.
Anım mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Eyni zamanda şəhidin ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib.
Hafiz Xalid oğlu Abdurrəhmanov 1989-cu il noyabrın 21-də Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub.1997-2005-ci illərdə S.Rüstəmov adına tam orta məktəbdə təhsil alıb. 2005-2008-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub.
Sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub, 2012-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2012-2013-cü illərdə Texniki Təlim Mərkəzində təhsil alıb.
Hafiz 2013-cü ildən Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. 2014-cü ilin əvvəlindən Qusar rayonunda yerləşən N saylı hərbi hissədə bölük komandiri vəzifəsində çalışıb. 2015-ci ildə baş leytenant rütbəsinə yüksəlib.
2015-ci ilin payızından etibarən Bakı şəhərində yerləşən N saylı hərbi hissədə mühəndis-istehkam bölük komandiri vəzifəsində xidmətini davam etdirib.
2019-cu ildən xidmətə Tərtər rayonunda yerləşən N saylı hərbi hissələrdən birində mühəndis-istehkam bölük komandiri kimi davam edib.
2020-ci ilin 26 iyun tarixində kapitan hərbi rütbəsini alıb.
Azərbaycan Ordusunun kapitanı Hafiz Abdurrəhmanov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə qoşulub. Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Hafiz Abdurrəhmanov noyabrın 2-də Ağdərə döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunda dəfn olunub.
Keçidlər