"Hər bir vətəndaş, hər bir sahə öz üzərinə düşəni layiqincə yerinə yetirərək “Yaşıl dünya həmrəyliyi”nə dəstək verməlidir"
04 may 2024 | 11:40
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Əliyaqublu kəndində sakinlərlə səyyar qəbul keçirib.
RİH əməkdaşlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi görüşdə icra başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb.
Prezident İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Şəmkir rayonunda keçirilən tədbirlər haqda da danışan icra başçısı bildirib ki, rayonumuzun ərazisində, o cümlədən Əliyaqublu kəndində yaşıllıqların qorunması, bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltməkdir.
Kənd ictimaiyyəti ilə söhbətində Rəşad Tağıyev qeyd edib ki, gələcək nəsillərin daha sağlam, ekoloji problemsiz bir dünyada yaşaması üçün bu gün hər bir vətəndaş, hər bir sahə öz üzərinə düşəni layiqincə yerinə yetirərək “Yaşıl dünya həmrəyliyi”nə dəstək verməlidir.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.