Hazırda rayonumuzda yerləşən 4 körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılır
28 oktyabr 2025 | 10:45
Prezident cənab İlham Əliyevin qayğısı sayəsində reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlar, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsi bütün bölgələrimizi əhatə edir.
Bu gün Şəmkir rayonunda da infrastruktur və sosial layihələrin icrası mərhələli şəkildə uğurla həyata keçirilir. Sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində icra olunan layihələr təhsil sahəsindən də yan keçmir.
Hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Şəmkir rayonu Dəllər Cəyir kənd 1 nömrəli körpələr evi-uşaq bağçası, Abbaslı kənd körpələr evi-uşaq bağçası, Xuluf kənd körpələr evi-uşaq bağçası və Könüllü kənd 2 nömrəli körpələr evi-uşaq bağçasında əsaslı təmir-bərpa işləri aparılır.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Rüfət Sahibsoy, Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov körpələr evi-uşaq bağçalarında görülən işlərlə tanış olublar.
İş icraçıları tərəfindən bildirilib ki, əsaslı təmir işləri çərçivəsində yenilənən uşaq bağçalarının dam örtükləri də dəyişdirilib, müasir istilik sistemləri quraşdırılıb. Hazırda binalarda son tamamlama işləri aparılır. Tezliklə balacaları istifadəsinə veriləcək olan bağçalar yeni inventar və lazımı avadanlıqla təchiz ediləcəkdir.
O da bildirilib ki, Şəmkir rayonunun Barlıbağ qəsəbəsində yerləşən körpələr evi-uşaq bağçasında isə təmir işləri yekunlaşmışdır.
Qeyd edək ki, rayonun digər təhsil müəssisələrinin də mərhələli şəkildə müasir standartlara uyğun yenilənməsi üçün işlər davam etdirilir.






