“Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib
30 sentyabr 2026 | 12:05
Şəmkir Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Zəyəm qəsəbəsində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Zəyəm qəsəbə Əhməd Cəmil adına tam orta ümumtəhsil məktəbinin akt zalında təşkil olunan görüşdə məqsəd qəsəbə sakinlərinin fövqəladə hallar zamanı davranış qaydaları, təhlükəsizlik tədbirləri və ilkin müdaxilə imkanları barədə məlumatlandırılması olub.
Tədbirdə FHN-in Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi, polkovnik-leytenant Bəhayi Nəsirov, Şəmkir Rayon İcra Hakimiyyətinin mülki müdafiə işlərinə məsul şəxsi Mehrab Məmmədov, Mərkəzin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəis müavini, baş leytenant Musa Məmmədov, şöbənin baş zabiti, kapitan Musa Hüseynov, Zəyəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin və bələdiyyənin rəhbər heyəti, eləcə də qəsəbə sakinləri iştirak ediblər.
Çıxışlarda fövqəladə hallar zamanı düzgün davranış qaydalarının bilinməsinin insan həyatının və sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıdığı bildirilib. FHN əməkdaşları tərəfindən nazirliyin fəaliyyəti və əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Görüş zamanı iştirakçılara xilasetmə texnikası, fərdi mühafizə vasitələri, radiasiya və kimyəvi kəşfiyyat, dozimetrik nəzarət cihazları, yanğınsöndürmə və xilasetmə vasitələri nümayiş etdirilib, onların təyinatı və istifadə qaydaları izah olunub. Həmçinin fövqəladə hallar zamanı ilkin tibbi yardımın göstərilməsi ilə bağlı praktiki məlumatlar təqdim edilib.
Qeyd olunub ki, əhalinin mülki müdafiə sahəsində maarifləndirilməsi, fövqəladə hallar zamanı düzgün davranış vərdişlərinin formalaşdırılması və təhlükəsizlik qaydalarına əməl olunmasının təşviqi bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas məqsədlərindəndir.
Показать меньше






