Ən böyük kəndlərimizdən olan Zəyəm Cırdaxanda sakinlərlə keçirilən səyyar qəbul-görüş
25 dekabr 2023 | 10:19
RİH əməkdaşlarının, xidmət sahələrinin rəhbərlərinin, şəhid ailələri və qazilərin, kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi görüşdə icra başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb.
İcra başçısı bildirib ki, bu gün Azərbaycan xalqı çoxəsrlik tarixinin ən parlaq səhifələrini yaşamaqdadır. Prezident cənab İlham Əliyevin prinsipial və qəti mövqeyi Vətən müharibəsində və antiterror əməliyyatlarının uğurla həyata keçirilməsində özünü göstərdi və suverenliyimizin bərpası ilə nəticələndi.
Rəşad Tağıyev qeyd edib ki, ölkə başçısının mütəmadi olaraq regionlara səfəri sürətli inkişafa səbəb olur: “Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçımızın hərtərəfli qayğısı sayəsində ötən illər ərzində Şəmkir rayonunun da iqtisadiyyatının inkişafında dinamiklik və sabitlik təmin olunmuş, sakinlərimizin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna nailiyyətlər əldə edilmişdir”.
İcra başçısı bildirib ki, Zəyəm Cırdaxan kəndində müasir standartlara uyğun qurulan yeni məktəb binası, Şəmkir-Zəyəm-Düyərli-Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolu görülən işlərin bir parçasıdır.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.