Əkin subsidiyasının əldə olunması üçün payızlıq əkinlərin bəyan edilməsinə start verilib
15 sentyabr 2023 | 09:11
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə 2023-2024-cü əkin ili üzrə payızlıq əkinlərin bəyanına başlanılıb. Fermerlər əkin subsidiyasının alınması üçün payızlıq əkinlərini 1 sentyabrdan başlayaraq 30 dekabr tarixinədək bəyan etməlidir. Onlar eagro.az saytı vasitəsilə onlayn şəkildə bilavasitə özləri və ya Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM), Xaçmaz və Yevlax KOB evlərinə, eləcə də ASAN Xidmət mərkəzlərinə müraciət etməklə payızlıq əkinlərini bəyan edə bilərlər.
Fermerlər əkinlərini bəyan edərkən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) elektron kabinetlərini aktivləşdirməli, əkilən və ya yerdə mövcud olan bitkini doğru seçməli, bəyan hektarının konturlarını və əkin yerini elektron xəritədə düzgün qeyd etməli, yalnız öz istifadələrində olan ərazilərdə bəyan etməlidirlər.
Vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək. Bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının qısa zamanda ödənilməsinə imkan yaradacaq.
Şəmkir Rayon İcra Hakimiyyəti olaraq rayonumuzun fermerlərini payızlıq əkinlərini bəyan etməklə dövlət dəstəyi mexanizmlərindən faydalanmağa dəvət edir, onlara yüksək məhsuldarlıq arzu edirik.