"Əkin sahələrinin, bağçılığın genişləndirilməsi üçün Şəmkirdə kifayət qədər imkanlar var" - Rəşad Tağıyev fermer təsərrüfatında olub
Prezident cənab İlham Əliyevin tövsiyə və tapşırığına müvafiq olaraq, bölgələrdə kənd təsərrüfatı sahəsində görülən işlərin, fermerlərin, sahibkarların qayğılarının, təklif və istəklərinin öyrənilməsi, aqrar sektorun inkişaf perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində ölkəmizin hər yerində olduğu kimi Şəmkir rayonunda da operativ tədbirlər görülür.
Bu məqsədlə rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev mütamadi olaraq sahibkarlar, fermerlərlə görüşlər keçirir, onların gördüyü işlər və qarşılaşdıqları problemlərlə yerində maraqlanır.
Bu dəfə icra başçısı Qapınlı kəndində Müsbət Həsənovun təsərrüfatında olub.
Rəşad Tağıyev kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Bildirilib ki, rayonda tərəvəzçilik, bağçılıq, heyvandarlıq, meyvəçilik, quşçuluq və digər sahələrin dinamik inkişafına nail olunub. Lakin bu, heç də son hədd deyil. İstehsalın artırılması, əkin sahələrinin, bağçılığın genişləndirilməsi üçün rayonda kifayət qədər imkanlar var.
Prezident cənab İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələri diqqətə çatdıraraq, yeni mərhələdə aqrar sektorun inkişaf istiqamətlərindən danışan Rəşad Tağıyev bu istiqamətdə dövlət dəstəyinin gücləndirildiyini söyləyib. Həmçinin torpaqlardan səmərəli istifadə edilməsinin, ərzaq idxalının azaldılması istiqamətində ciddi işlərin aparılmasının önəmi vurğulayıb.
İcra başçısı əvvəlcə Müsbət Həsənovun istilikxana təsərrüfatı ilə tanış olub.
Fermer məlumat verərək bidlirib ki, hazırda təsərrüfatında 5 ha istilikxana var və ancaq pomidor becərilir. Məhsullar əsasən Rusiya Federasiyasına və yerli bazarlara çıxarılır: “Bundan başqa 60 ha ərazidə taxıl, 49 ha ərazidə isə yonca becəririk”.
Daha sonra fermerin bağçılıq təsərrüfatına baxış keçirilib. İcra başçısına məlumat verilib ki, bağın ümumi sahəsi 200 hektardır. Bağda tinglərin soyuğa davamlılığına, çox bar verməsinə, ikinci ilində məhsul verməsinə diqqət yetirilir. Bu istiqamətdə ən yaxşı nəticə verən meyvə ağaclarının tinglərini əkilir: “Bağımızda alça, ərik, heyva, şaftalı, nektarin, gavalı, gilas becərilir. Hər il yüksək məhsuldarlıq əldə edirik və məhsullarımız əsasən istilikxanalarda olduğu kimi, Rusiya Federasiyasına və yerli bazarlarda satılır”.
Sonda icra başçısı bidlirib ki, Prezident cənab İlham Əliyev qeyri-neft sektorunun, əsasən də kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərir və artıq aqrar sahədə yeni mərhələyə qədəm qoyulub: “Ölkə üzrə rayonların ixtisaslaşması kənd təsərrüfatının müasir tələblər səviyyəsində və elmi əsaslarla inkişafını təmin edəcək”.