Şriftin ölçüsü :

Saytın rəngi :

Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbinin nəzdində Yeni Tədris Təmayül Məktəbi istifadəyə verildi

15 sentyabr 2026 | 15:46
Sentyabrın 15-də – Bilik Günündə Şəmkir şəhərində yerləşən Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbinin nəzdində Yeni Tədris Təmayül Məktəbinin açılış mərasimi keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Tural Əhmədov, Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, şəhid ailələri, məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak etdilər.
Əvvəlcə məktəbin qarşısında yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirildi.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev müəllim və şagirdləri Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, şagirdlərə isə təhsildə yüksək nəticələr əldə etməyi, müəllimlərin əməyini doğrultmağı və gələcəkdə ölkənin inkişafına töhfə verəcək layiqli vətəndaşlar kimi formalaşmağı tövsiyə etdi.
İcra başçısı bildirdi ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və milli təhsil quruculuğunun əsasını təşkil edən dövlət siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə uğurla davam etdirilir. Ölkədə təhsilin inkişafı, məktəb infrastrukturunun müasirləşdirilməsi, müasir standartlara cavab verən yeni təhsil müəssisələrinin tikilməsi və mövcud məktəblərin yenilənməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Rəşad Tağıyev vurğuladı ki, bu istiqamətdə Şəmkir rayonunda da ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Rayon ərazisində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və yenilənməsi, onların müasir standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər davam etdirilir. Əsas məqsəd şagirdlərin keyfiyyətli təhsil alması üçün əlverişli şəraitin yaradılması və təhsil müəssisələrinin müasir tələblərə cavab verməsidir.
Rəşad Tağıyev bildirdi ki, Yeni Tədris Təmayül Məktəbinin istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin növbəti nümunəsidir. Burada yaradılan müasir tədris və idman imkanları şagirdlərin bilik və bacarıqlarının inkişafına, onların müxtəlif istiqamətlər üzrə potensiallarının üzə çıxarılmasına şərait yaradacaq.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Tural Əhmədov çıxışında ölkədə təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamətlərindən danışdı. O qeyd etdi ki, təhsil müəssisələrinin müasir standartlara uyğunlaşdırılması ilə yanaşı, təhsilin keyfiyyətinin təmin edilməsi, tədris prosesinin səmərəli təşkili və şagirdlərin fərdi inkişaf imkanlarının genişləndirilməsi də diqqət mərkəzində saxlanılır.
Tural Əhmədov bildirdi ki, müasir məktəb infrastrukturu təhsil prosesinin keyfiyyətli təşkili üçün mühüm əsaslardan biridir. Yeni Tədris Təmayül Məktəbində yaradılan şəraitin şagirdlərin təlim nəticələrinin yaxşılaşdırılmasına və onların müxtəlif təmayüllər üzrə inkişafına imkan verəcəyini qeyd etdi.
Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov da çıxışında təhsilin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən danışdı. Bildirdi ki, son illərdə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni məktəblərin tikilməsi və mövcud təhsil ocaqlarının yenilənməsi istiqamətində genişmiqyaslı işlər görülür.
Vüqar Dadaşov qeyd etdi ki, Şəmkir rayonunda da təhsil müəssisələrinin yenilənməsi, şagirdlərin təhsil imkanlarının genişləndirilməsi və müasir tədris mühitinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir və Yeni Tədris Təmayül Məktəbinin istifadəyə verilməsi də bu baxımdan əhəmiyyətli addımdır.
Məktəbin müəllimləri çıxışlarında yeni təhsil müəssisəsində yaradılan şəraitin tədris prosesinin daha səmərəli təşkilinə imkan verəcəyini bildiriblər. Valideynlər isə övladlarının müasir və təhlükəsiz təhsil mühitində təhsil alması üçün yaradılan şəraitə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Sonra məktəblilərin ifasında musiqi nömrələri və səhnəciklər təqdim olunub.
Daha sonra qonaqlar Yeni Tədris Təmayül Məktəbində yaradılan şəraitlə tanış oldular. Bildirildi ki, 522 yerlik məktəbin tərkibində müasir standartlara uyğun idman zalı və idman meydançası yaradılıb. Yeni infrastruktur şagirdlərin tədrislə yanaşı, fiziki inkişafının və asudə vaxtının səmərəli təşkilinin təmin olunmasına imkan verəcək.
Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbinin 624 yerlik hissəsi istifadəyə verilib.
Həmin hissədə akt zalı, laboratoriya və yeməkxana yaradılıb. Yeni Tədris Təmayül Məktəbinin də istifadəyə verilməsi ilə məktəbdə şagirdlərin təhsil alması üçün yaradılan imkanlar daha da genişləndirilib.
Keçidlər