Şriftin ölçüsü :

Saytın rəngi :

Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbi yenidənqurma və əsaslı təmir işlərindən sonra müəllim və şagirdlərin istifadəsinə verildi.

15 sentyabr 2025 | 15:12

Sentyabrın 15-i ilk dərs günündə təhsil müəsisəsinin açılış mərasimi keçirilib. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, məktəbin kollektivi və şagirdlər, eyni zamanda valideynlər iştirak etdilər.
Rəşad Tağıyev təhsil müəssisəsinin açılışı, eyni zamanda yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edərək bildirdi ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatı bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, ölkəmizdə, o cümlədən Şəmkir rayonunda müasir tələblərə tam cavab verən yeni təhsil müəssisələri yaradılır.
İcra başçısı qeyd etdi ki, rayonumuzda da mərhələli şəkildə təhsil müəssisələri yenilənir, şagirdlərin rahat təhsil alması üçün imkanlar genişləndirilir. Bu sahədə görülən işlər çərçivəsində təkcə son 4 ildə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-lisey müasir standartlara uyğun yenidən quruldu, Zəyəm qəsəbəsi və Zəyəm Cırdaxan kəndində məktəb binaları əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verildi. Bu gün isə Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbin açılış mərasimində iştirak edirik. Həmçinin hazırda Cahangir Rüstəmov adına tam orta məktəbdə və 5 körpələr evi-uşaq bağçalarında əsaslı təmir-bərpa işlər aparılır. Eyni zamanda ötən dövr ərzində ucqar dağ kəndlərimizdə modul tipli məktəblər istifadəyə verildi.
Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov da çıxışında ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışaraq, rayonda təhsilin inkişafı üçün görülən işlər haqqında məlumat verdi.
İdarə müdiri bildirdi ki, ölkəmizin təhsil sistemində davamlı şəkildə aparılan islahatlar bu gün regionlarda da öz müsbət nəticəsini verməkdədir. Əminliklə demək olar ki, hazırda bölgələrdə fəaliyyət göstərən təhsil müəssisələri istər yeni tədris metodikalarının tətbiqində, istərsə də məzunlarının ali məktəblərə qəbulu üzrə göstəricilərdə artıq uğurlu nəticələr əldə edə bilirlər.
Tədbirdə çıxış edən müəllimlər və valideynlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını çatdırdılar.
Sonda məktəbin şagirdlərinin ifasında musiqilər, səhnəciklər təqdim olundu və yeni dərs ilinə start verildi. Həmçinin qonaqlar məktəbdə yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, təhsil müəssisəsində şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür imkanlar yaradılıb. 1100 şagird yerlik 2 korpusdan ibarət məktəb binasının 624 yerlik hissəsi o cümlədən akt zalı, laboratoriya, yeməkxana müəllim və şagirdlərin istifadəsinə verilir. Həmçinin idman zalı və idman meydançasından ibarət korpusun tikinti işləri davam etdirilir.

Keçidlər