𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə “Ü𝐦𝐮𝐦𝐦𝐢𝐥𝐥𝐢 𝐋𝐢𝐝𝐞𝐫 𝐇𝐞𝐲𝐝ə𝐫 Ə𝐥𝐢𝐲𝐞𝐯 𝐭ə𝐫ə𝐟𝐢𝐧𝐝ə𝐧 𝐗𝐨𝐜𝐚𝐥ı 𝐬𝐨𝐲𝐪ı𝐫ı𝐦ı𝐧𝐚 𝗵𝘂̈𝗾𝘂𝗾𝗶-𝐬𝐢𝐲𝐚𝐬𝐢 𝐪𝐢𝐲𝐦ə𝐭𝐢𝐧 𝐯𝐞𝐫𝐢𝐥𝐦ə𝐬𝐢“ 𝐚𝐝𝐥ı 𝐭ə𝐝𝐛𝐢𝐫 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛
25 fevral 2023 | 13:07
Şəmkir Rayon İcra Hakimiyyəti, Şəmkir Təhsil Sektoru, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Ümummilli Lider Heydər Əliyev tərəfindən Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi“ adlı tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir Rayon Təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının, gənclər təşkilatlarının rəhbərləri, o cümlədən media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Şəmkir RİH başçısı Rəşad Tağıyev 31 il bundan öncə Ermənistan silahlı qüvvələrinin, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə müxtəlif istiqamətlərdən Xocalı şəhərinə hücum etdiyini, qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla yüzlərlə azərbaycanlı mülki şəxsi xüsusi amansızlıqla qətlə yetirdiyini qeyd edib.
İcra başçısı bildirib ki, Ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra bu faciəyə hüquqi-siyasi qiymət verilib: “Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər”.
Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edən Rəşad Tağıyev xalqımızın milli yaddaşına həkk olunmuş Xocalı soyqırımının unudulmadığını, daim xatırlandığını bildirilib. Qeyd edib ki, Prezident cənab İlham Əliyevin faciənin bütün dünyada soyqırımı aktı kimi tanıdılması istiqamətində aparılan işlərə böyük dəstək verir: “Bütün bunlar isə gənclərimizdə mübarizlik əzmini, vətənpərvərlik hissini daha da gücləndirir. Sevindirici haldır ki, gənclər bu işdə fəallıq nümayiş etdirərək dövlətimizin apardığı siyasəti dəstəkləyir, Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində mühüm əhəmiyyət daşıyan tədbirlər təşkil edirlər”.
YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyinin rəhbəri Miraqil Cavadov və digər natiqlər də çıxışlarında Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən pislənməsini, gələcəkdə bu tip qanlı hadisələrin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacibliyini qeyd ediblər.
Tədbirdə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, onun beynəlxalq aləmdə yayılması, həmçinin bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulanıb, faciə ilə bağlı müxtəlif ölkələrdə hər il silsilə tədbirlərin keçirildiyi bildirilib.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirir.
Tədbirdə Zaur Abbasov adına Dəllər qəsəbə tam orta məktəbi və Şəmkir Peşə məktəbi tərəfindən hazırlanmış Xocalı soyqırımını əks etdirən və Ulu Öndər tərəfindən bu soyqırıma hüquqi-siyasi qiymətin verilməsi ilə bağlı sənədli film nümayiş etdirilib.
Tədbirin bədii hissəsində Xocalı faciəsi ilə bağlı məktəblilərinin təqdimatında ədəbi-bədii kompozisiyalar təqdim olunub.