𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐔𝐥𝐮 Ö𝐧𝐝ə𝐫 𝐇𝐞𝐲𝐝ə𝐫 Ə𝐥𝐢𝐲𝐞𝐯𝐢𝐧 𝟏𝟎𝟎 𝐢𝐥𝐥𝐢𝐤 𝐲𝐮𝐛𝐥𝐞𝐲𝐢𝐧ə 𝐡ə𝐬𝐫 𝐨𝐥𝐮𝐧𝐚𝐧 𝐭ə𝐝𝐛𝐢𝐫 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛
11 may 2023 | 12:00
Şəmkirdə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonda fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələr əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad edib.
Daha sonra Şəmkir Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr olunmuş sərgiyə baxış keçirilib.
Tədbirin rəsmi hissəsisində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, ümummilli liderin siyasi fəaliyyəti, Azərbaycan xalqına və dövlətçiliyinə olan tarixi xidmətləri barədə geniş məruzə ilə çıxış edib.
İcra başçısı bildirib ki, bu gün bütün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd edir: “Heydər Əliyev böyük tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur. O, bütün ömrünü Azərbaycan xalqına həsr etmişdir. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir”.
Ulu Öndər Heydər Əliyevin Şəmkirə səfərlərindən də danışan icra başçısı bildirib ki, Heydər Əliyevi böyük dövlət xadimi və vətənpərvər insan kimi səciyyələndirən ən önəmli xüsusiyyətlərdən biri ondan ibarətdir ki, o daim Respublikanın bütün rayonlarına səfərlər edir, problemlər və onların həlli ilə yerindəcə məşğul olurdu: “Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə ölkənin regionlarının inkişafına xüsusi qayğı göstərmişdir. Bu qayğının nəticəsi idi ki, Şəmkir rayonu da bu dövrdə Azərbaycanın inkişaf etmiş bölgələrindən birinə çevrildi. Məhz Şəmkir SES və Yenikənd SES-lərin tikilməsi və istifadəyə verilməsi Heydər Əliyev siyasətinin nəticəsi idi”.
Rəşad Tağıyev qeyd edib ki, bu gün Azərbaycana hansı istiqamətdən baxsaq inkişaf, tərəqqi qaçılmazdır. Ölkəmizdə ordu quruculuğu sahəsində atılan addımlar nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazan Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olduğunu bir daha təsdiqlədi: “Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevicivincini yaşayır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir”.
Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.