𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə "𝐒𝐨̈𝐳𝐮̈𝐦𝐮̈𝐳 𝐢𝐦𝐳𝐚𝐦ı𝐳𝐝ı𝐫" 𝐚𝐝𝐥ı 𝐭ə𝐝𝐛𝐢𝐫 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛
10 noyabr 2023 | 10:43
Şəmkir Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Sözümüz İmzamızdır” adlı tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavinləri Süleyman Zeynallı, Rüfət Sahibsoy, Aynur Abdullayeva, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, şəhid ailələri, qazilər, təhsil işçiləri və sahibkarlar iştirak ediblər.
Əvvəlcə qonaqlar şagirdlərin əl işlərindən ibarət olan sərgiyə baxış keçirib.
Tədbirin rəsmi hissəsində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Zəfər Gününə həsr olunmuş tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi Zəfərin əhəmiyyətindən bəhs ediblər.
Bildirilib ki, Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidir. 30 ilin vətən həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı. Azərbaycan xalqı məğrur xalq, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə düşdü. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi.
Daha sonra məktəblilər öz rəqs və kompozisiyalarını təqdim ediblər.
Vətən müharibəsi qazisi, müəllim Şamilli Hüseyn “Zəfərimizdə Azərbaycan müəlliminin özü və sözü” başlığı ilə çıxış edərək bildirdi ki, Zəfərin əldə olunmasında Azərbaycan təhsilinin, müəlliminin də əməyi danılmazdır.