𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐓𝐮𝐫𝐢𝐳𝐦 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐚𝐬𝐢𝐲𝐚 𝐌𝐞𝐧𝐞𝐜𝐦𝐞𝐧𝐭𝐢 𝐏𝐥𝐚𝐧ı𝐧ı𝐧 (𝐃𝐍𝐏) 𝐭ə𝐪𝐝𝐢𝐦𝐚𝐭ı 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛
01 avqust 2023 | 09:20
BMT-nin İnkişaf Proqramı (UNDP) və Dövlət Turizm Agentliyi tərəfindən birgə icra olunan “Azərbaycan regionlarında dayanıqlı turizmin inkişafına dəstək” layihəsi çərçivəsində Qərb regionu üzrə “Turizm Destinasiyalarının (məkanlarının) İdarəetmə Planı”nın təqdimatı keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin və Dövlət Turizm Agentliyinin əməkdaşlarının, eyni zamanda ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə layihənin Şəmkir rayonu üzrə nəzərdə tutulan fəaliyyətləri ilə bağlı müzakirələr aparılıb.
Şəmkir RİH başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rüfət Sahibsoy layihənin əhəmiyyətini yüksək qiymətləndirib və bildirib ki, bu gün Şəmkir rayonunda Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində turizm potensialının inkişaf etdirilməsi, yeni istirahət mərkəzlərinin yaradılması, mövcud infrastrukturun bərpası və yenidən qurulması istiqamətində işlər aparılır.
Planın müzakirəsi zamanı Şəmkir rayonun geniş turizm potensialının olduğu vurğulanıb, bu imkanların reallaşdırılması üçün turizm infrastrukturunun daha da gücləndirilməsi, yerli icmaların və sahibkarların turizm strategiyasının həyata keçirilməsində birbaşa iştirakının təmin olunmasının vacibliyi qeyd olunub.
Tədbir zamanı səsləndirilən təkliflərin, turizm infrastrukturunun yaradılması və inkişafı istiqamətində nəzərdə tutulan layihələrin Qərb regionu üzrə “Turizm Destinasiyalarının İdarəetmə Planı”nda nəzərə alınacağı bildirilib.