Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐀𝐪𝐫𝐚𝐫 𝐈̇𝐧𝐧𝐨𝐯𝐚𝐬𝐢𝐲𝐚 𝐅𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥ı 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐝𝐢

01 dekabr 2022 | 17:09
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı Şəmkir rayonunda təşkil edilib. Şəmkir Aqroparkın ərazisində keçirilən festivalda kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiyalar nümayiş olunub.
Festivalın açılış hissəsində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafail Quliyev, İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev, Şəmkir Aqroparkın rəhbəri Faiq Baxşıyev regionlarda təşkil edilən belə festivalların əhəmiyyətindən danışıblar.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “Agroinnofest” layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.
Festivalda kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, yeni üsullarla yetişdirilmiş meyvə və tərəvəz nümunələri, üzümün emal məhsulları, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir suvarma sistemləri və alternativ enerji mənbələri ilə çalışan su nasosları, heyvanlarda mövcud olan bir sıra xəstəliklərin diaqnozunun müəyyənləşdirilməsi üçün analiz testləri və çox sayda digər kənd təsərrüfatı texnikaları nümayiş olunub.
Həmçinin mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti göstərilib, nümayiş olunan innovativ texnologiyaların iş prinsipi və onlardan istifadənin üstünlükləri barədə məlumat verilib. Eyni zamanda, “Kənd təsərrüfatında sığortalanan bitki növləri”, “İntensiv yemləmənin təşkili”, “İstixanalarda ağıllı monitorinq sistemləri”, “Sahibkarlara dəstək mexanizmləri”, “Süd sağım sistemləri”, “Gübrələr” mövzularında təlimlər keçirilib.
Festivalın gündəliyinə uyğun olaraq aqroparkların, elmi-tədqiqat institutlarının və özəl şirkətlərin nümayəndələrinin birgə iştirakı ilə “Kənd təsərrüfatının innovativ yollarla inkişafı: Aqroparklar və əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa təşkil olunub.
Keçidlər