𝐓𝐮̈𝐫𝐤𝐢𝐲ə𝐝ə 𝐳ə𝐥𝐳ə𝐥ə𝐝ə𝐧 𝐳ə𝐫ə𝐫 𝐜̧ə𝐤ə𝐧𝐥ə𝐫ə 𝐲𝐚𝐫𝐝ı𝐦 𝐭ə𝐬̧ə𝐛𝐛𝐮̈𝐬𝐮̈𝐧𝐮̈𝐧 ə𝐬𝐚𝐬ı𝐧𝐝𝐚 𝐛ə𝐬̧ə𝐫𝐢 𝐢𝐝𝐞𝐚𝐥𝐥𝐚𝐫𝐚 𝐬𝐚𝐝𝐢𝐪𝐥𝐢𝐤 𝐝𝐚𝐲𝐚𝐧ı𝐫.
13 fevral 2023 | 13:50
Türkiyə ilə qardaşlıq əhdimiz, Türkiyəyə vəfa borcumuz var. O əhd-peyman ki, sonradan bağlanmayıb, süni tellərlə qurulmayıb, eyni candan, eyni qandan, eyni soydan gəlir. O vəfa borcu ki, altında işğal səbəbilə işğalçı Ermənistanın üzünə bağlanan qapılar, illər ərzində beynəlxalq təşkilatlarda Azərbaycana olan dəstək, 44 günlük Vətən müharibəsinin hər günü Türkiyə hökumətindən və xalqından gələn qəti və könüldən dəstək, “Yalnız irəli, mən yanındayam” dayanır.
O möhtəşəm Qələbə ki, bu günə qədər Türkiyənin və Azərbaycanın artan gücünü həzm edə bilməyən qüvvələr bu gün Böyük Turan məfhumu ilə barışmağa məcbur edilirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev heç də təsadüfən deməmişdi ki, Türkiyənin yanımızda qətiyyətli dayanması Cənubi Qafqazda reallaşdırılması hədəflənən məkirli planların önündə sipər oldu. Bu gün biz də Azərbaycan xalqı olaraq sinəmizi Türkiyənin ağrı-acılarının önündə sipər etdik ki, bəlkə bir az da olsa məlhəm ola bilək, bir az da olsa o acıları dindirə bilək.
Türkiyədə baş verən dağıdıcı zəlzələ türklər qədər Azərbaycan xalqının da canını yandırdı. Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”.
Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım etdi: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.
Azərbaycan Türkiyəyə dəstəyini bununla yekunlaşdırmadı. Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində oldu, baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi. Cənab prezident bildirdi ki, Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik: “Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycan xalqını çox sarsıtdı. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir”.
Zəlzələdən sonra Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur.
Bu gün ictimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar.
Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar.
Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır. Dövlət qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar. Bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq.
Prezident cənab İlham Əliyev çıxışında bildirdi ki, ölkəmizin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var: “Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb”.
Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Türkiyə bu acı sınaqdan şərəflə çıxacaq. Bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək.
Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı qardaşa dəstəyə gedən ilk ölkə Azərbaycan oldu. Belə ki, 6-8 fevral tarixlərində Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərildi.
Ümumilikdə faciə baş verdiyi saatdan 8 fevral 13.00-dək FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşüb. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.
Azərbaycanın bir çox bölgələri də Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər.
Şəmkir rayonu da Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım aksiyasına qoşulub.
Rayon xeyriyyəçiləri tərəfindən yardımla bağlı Şəmkir Olimpiya İdman Komleksində qəbul məntəqəsi yaradılıb.
Humanitar yardım kompaniyası çərçivəsində Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatların toplanması həyata keçirilir.
Şəmkirlilər artıq iki TIR yola salıblar. Qardaş Türkiyəyə gedən mallar arasında yeni isti yataq dəstləri və geyimlər, ərzaq, gigiyenik vasitələr, çadır, generatorlar, elektrik cihazları, qızdırıcılar, əl fənərləri, tulumlar, göndərilib.
Artıq rayonda qardaş dəstəyi üçün növbəti TIR-lar hazırlanır.