𝟔𝟒𝟐 𝐧ə𝐟ə𝐫 𝐬̧ə𝐦𝐤𝐢𝐫𝐥𝐢𝐲ə “𝐌ü𝐡𝐚𝐫𝐢𝐛ə 𝐯𝐞𝐭𝐞𝐫𝐚𝐧ı” 𝐯ə𝐬𝐢𝐪ə𝐥ə𝐫𝐢 𝐭ə𝐪𝐝𝐢𝐦 𝐞𝐝𝐢𝐥𝐢𝐛
20 iyun 2023 | 11:50
Şəmkir rayonunda bir qrup Vətən müharibəsi iştirakçısına “Müharibə veteranı” vəsiqələri təqdim edilib.
Şəmkir Olimpiya İdman Komleksində keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövət himni səsləndirilib.
Süleyman Zeynallı çıxış edərək bildirib ki, 44 günlük Vətən Müharibəsi tariximizə qızıl hərflərlə yazılıb. Bu tarixi Müzəffər Ali baş komandan İlham Əliyev və ordumuz yazdı. Bu möhtəşəm Zəfər eyni zamanda milli birliyin təntənəsi oldu.
Vurğulandı ki, Şəmkir rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Tədbirdə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən ilkin mərhələdə 642 nəfər şəmkirliyə "Müharibə veteranı" vəsiqələri verilib.
Qeyd edək ki, "Müharibə veteranı" vəsiqələrinin verilməsi prosesi mərhələli şəkildə həyata keçirilir.