𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝟐𝟓 𝐚𝐩𝐫𝐞𝐥 - 𝐒𝐚𝐡𝐢𝐛𝐤𝐚𝐫𝐥𝐚𝐫 𝐆𝐮̈𝐧𝐮̈ 𝐦𝐮̈𝐧𝐚𝐬𝐢𝐛ə𝐭𝐢𝐥ə “𝐒𝐚𝐡𝐢𝐛𝐤𝐚𝐫𝐥ı𝐠̆ı𝐧 𝐢𝐧𝐤𝐢𝐬̧𝐚𝐟ı𝐧𝐝𝐚 𝐮𝐥𝐮 𝐨̈𝐧𝐝ə𝐫 𝐇𝐞𝐲𝐝ə𝐫 Ə𝐥𝐢𝐲𝐞𝐯𝐢𝐧 𝐫𝐨𝐥𝐮”𝐦𝐨̈𝐯𝐳𝐮𝐬𝐮𝐧𝐝𝐚 𝐝ə𝐲𝐢𝐫𝐦𝐢 𝐦𝐚𝐬𝐚 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐝𝐢
26 aprel 2023 | 10:09
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25 aprel - Sahibkarlar Günü münasibətilə “Sahibkarlığın inkişafında ulu öndər Heydər Əliyevin rolu”mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Dövlət Vergi Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin, KOBİA-nın rəsmi nümayəndələri və yerli sahibkarlar iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin Şəmkir Heydər Əliyev Mərkəzində yerləşən büstü önünə gül dəstləri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Dəyirmi masada çıxış edən Şəmkir RİH başçısı Rəşad Tağıyev sahibkarları 25 aprel - Sahibkarlar Günü münasibətilə təbrik edib, bu günün önəmindən danışıb.
İcra başçısı bildirib ki, sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir: “Müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradıb. Ümummilli Liderin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində bu gün ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib”.
Rəşad Tağıyev qeyd edib ki, aparılan islahatlar çərçivəsində Azərbaycan Prezidentinin “ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq son illərdə Şəmkir rayonunda da sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı sistemli tədbirlər həyata keçirilir: “Şəffaf inzibati tənzimləmə və dövlət dəstəyi mexanizmlərinin yaradılması və genişləndirilməsi, sahibkarların qanuni mənafelərinin etibarlı müdafiəsi və digər tədbirlər nəticəsində bu gün rayonumuzun iqtisadiyyatında yüksək nəticələr əldə olunur”.
Rayon rəhbəri Şəmkirdən olan istehsalçıların və ixracatçıların rahatlığının təmin olunması üçün müxtəlif sahələrdəki çətinliklərin aradan qaldırılması, istehsal və ixrac prosesində kooperativ təsərrüfatçılığın həyata keçirilməsinin üstünlükləri, həmçinin yerli istehsala əsaslanan məhsulların ixrac potensialının gücləndirilməsi ilə bağlı danışıb, fermerlərlə qarşılıqlı müzakirələr aparıb.
İcra başçısı dəyirmi masada Şəmkir rayonunda 2022-ci ildə görülən işlər, cari ildə isə qarşıya qoyulan məqsədlərlə bağlı ətraflı məlumat verib, mövzu ətrafında müzakirələr aparılıb.
Daha sonra yerli sahibkarlar açıq mikrofon vasitəsilə öz istək və təkliflərini bildiriblər. Görülən və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb, yaxın gələcəkdə nəzərdə tutulan layihələrlə bağlı müzakirələr edilib.
Çıxışlar zamanı bildirilib ki, Ulu Öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərib və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirib.
Respublikamızda kiçik və orta sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilib, sahibkarlara dövlət maliyyə dəstəyi sistemi təşkil edilib. Əsası Heydər Əliyev tərəfindən qoyulan yeni iqtisadi siyasət, sahibkarlığın inkişafına xidmət edən iqtisadi və sosial islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir.
Sonda 25 aprel - Sahibkarlar Günü münasibətilə sahibkarlara RİH başçısının Təşəkkürnamələri təqdim olunub..